Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda "Olimpiakos"a 3:0 qalib gələn "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Hava limanında jurnalistlərə danışıb.
Sportarena.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı Pireydəki qələbəni bu cür şərh edib:
"Televiziyadan fərqli görünə bilərdi, amma canlı tam fərqli idi. Yerli azarkeşlərin oyunçulara böyük təzyiqi var idi. Buna rəğmən, futbolçularım sona qədər özlərini peşəkar və soyuqqanlı apardı. Bizim üçün vacib oyun idi. Bu mənada, dəyərli üç xal qazandıq. Yaxşı oyun göstərdik, futbolçularımdan razı qaldım. Onlar sona qədər özlərini düzgün idarə edə bildi.
Hesabda öndə olanda bəzən futbolçular hansısa epizodda daha da ehtiyatlanır. "Olimpiakos"un aktivində xal yoxdu və onlar da qələbə istəyirdilər. Evdə oynayan komanda ilk dəqiqələrdən daha sürətli oynaya və təzyiq göstərə bilər. İkinci yarıda rəqibdə boşluqlar daha çox oldu və bundan yaxşı istifadə edə bildik".