Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən cüdo üzrə dünya çempionatı davam edir.
Sportarena.az xəbər verir ki, ikinci gün də Azərbaycan cüdoçuları üçün uğursuz keçib. Orxan Səfərov (66 kq) 1/16 final mərhələsində Freddi Vayzeneggerə (Fransa) qalib gəlsə də, növbəti raundda Boqdan İadova (Ukrayna) məğlub olub.
66 kq çəki dərəcəsində çıxış edən Yaşar Nəcəfov 1/32 finalda Miad Nosratini (Qaçqın komandası) mübarizədən kənarlaşdırıb. Nəcəfov növbəti görüşdə Adrian Çinarronun (İspaniya) müqavimətini qıra bilməyib.
Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva 1/32 finalda Binta Ndiayeyə (İsveçrə) yenilib.
Qeyd edək ki, Azərbaycan yığma komandası turnirdə 11 idmançı ilə təmsil olunur. Dünya çempionatı 13 oktyabra qədər davam edəcək.