“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 9-cu turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib. O, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Çətin oyun oldu. Həftəboyu da futbolçulara deyirdim ki, rəqib son pillədə ola bilər, amma son turlarda göstərdiyi oyun və əzmkarlıq yaxşı idi. Bunu mütləq nəzərə almalıydıq. Futbolçularımızda da böyük diqqət, rəqibə böyük hörmət gördüm. İlk yarı bizim üçün ağır idi. Amma bir neçə qol vəziyyəti yaratdıq, istifadə edə bilmədik. İkinci yarıda oyun daha da sürətləndi. Standart vəziyyətdən fərqləndik. Önəmli, vacib qələbə qazandıq. Futbolçularımı təbrik edirəm. Bu oyunu görmək istəyirdim. 90 dəqiqə stabil, dinamik oyun oynayan komanda gördüm. Oyunumuzdan razı qaldım. Əvvəlki matçlarda bəzi oyun kəsikləri məni qane etmirdi. "Turan Tovuz"la 60-cı dəqiqədən sonrakı oyunumuz məni qane etməmişdi. Amma bu gün sona qədər oynadılar”.