“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 8-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. O, qolsuz bərabərliklə bitən oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Neftçi” ilə oynamaq çətin idi. Lakin çox vacib oyun idi. Səfərdə bu komanda ilə oynamaq daha çətindir. Amma bu cür oyunlar bizim üçün vacibdir. Futbolçular əzmkarlıqları ilə xal qazandılar. Mübarizəli oyun oldu. Əks hücumlarda yaxşı epizodlara girdik. Bir az soyuqqanlı olsaydıq, qol da vura bilərdik. Bizim üçün hər xal önəmlidir. Çempionat daha da gərginləşir. İkinci dövrə daha çətin olacaq”.
41 yaşlı mütəxəssis meydana citti itkilərlə çıxdıqlarını bildirib: "Runi Eva iki tur zədəli oynadı. Ona istirahət verdik. Rotasiyalar normaldır. Bu ay 5 oyun keçirəcəyik. Bu gün bəzi yeni futbolçulara şans verdik. Uğurlu çıxış etdilər".
O, ikinci hissədə zədələnən Ehtiram Şahverdiyevin durumuna da toxunub: "Başından zərbə aldı. Meydanda qalması riskli idi. İndi durumu ilə maraqlandım. MRT müayinəsindən sonra daha dəqiq bilinəcək. Ümid edirəm ki, ciddi deyil".