“Sabah”ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 9-cu turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib. Rusiyalı mütəxəssis 5:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Çox parlaq oyun gördük. Hər iki komanda hücumlarla yadda qaldı. Belə qələbə üçün şadam. Rəqibi də təbrik edirəm. Cürətli oynadılar. Oyunu ləngitmədilər. Belə davam etsələr, daha da inkişaf edəcəklər. İlk dövrəni yaxşı keçirdik. Qazandığımız xallara əsasən, komandaya 5 ballıq şkala üzrə “5” vermək olar. Lakin oyun planında bəzi şeyləri düzəltməliyik”.
Musayev son günlərə qədər Azərbaycan yığmasının baş məşqçi postuna namizədlər arasında göstərilməsinə də münasibət bildirib:
“Millinin baş məşqçisi Canni De Byazinin müqaviləsi yeniləndi. İndi bu haqda nəsə demək düzgün olmaz. Mənin diqqətim “Sabah”dadır. Komandanı daha da inkişaf etdirməyi düşünürəm”.