“Roma”da Dibala şoku - DÇ-2022-ni də buraxa bilər

10:00 10 Oktyabr 2022

İtaliyanın "Roma" klubunda çıxış edən Argentina millisinin futbolçusu Paulo Dibala yenidən zədələnib. 29 yaşlı hücumçu A Seriyasının 9-cu turunda "Leççe"ni 2:1 hesabı ilə məğlub etdikləri görüşdə sırada çıxıb.
 
48-ci dəqiqədə qələbə qoluna imza atan forvard iki dəqiqə sonra əvəzlənib. Zədəsi ciddi olan futbolçunun hətta bu il Qətərdə keçiriləcək dünya çempionatını buraxacağı da istisna edilmir.
 
“Canavarlar"ın baş məşqçisi Joze Mourinyo görüşdən sonra mətbuat konfransında hücumçunun zədəsi barədə bunları söyləyib: “Zədə çox ciddi görünür. Mən deyərdim ki, hər şey pisdir. Bu il meydana çıxması çətin görünür. Amma onunla danışandan sonra dəqiq nəsə söyləyə bilərəm”.
 
Dibala "Roma"nın heyətində bütün turnirlərdə 11 oyuna çıxıb, 7 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. 


Xəbər xətti