Çempionlar Liqasının ən sürətli het-triki qeydə alınıb

11:53 13 Oktyabr 2022

İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah UEFA Çempionlar Liqasında iki rekorda imza atıb. 30 yaşlı hücumçu buna Şotlandiyada "Reyncers"i 7:1 hesabı ilə məğlub etdikləri qrup mərhələsinin 4-cü tur oyununda yiyələnib.
 
76, 80 və 81-ci dəqiqələrdə fərqlənən misirli forvard 6 dəqiqə 12 saniyəyə het-trik etməyi bacarıb. Bu isə ÇL tarixinin ən sürətli het-trikidir. Əvvəlki rekord hazırda Türkiyənin "Qalatasaray" komandasında çıxış edən Bafetimbi Qomisə məxsus idi. 37 yaşlı hücumçu 2011-ci ildə Lion “Olimpik"ində (Fransa) çıxış edən zaman Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası ilə görüşdə 8 dəqiqəyə 3 qol vurmuşdu.
 
Salah həm də qitənin bir nömrəli klub turnirində ən çox fərqlənən afrikalı futbolçu ünvanına da sahib çıxıb. Çempionlar Liqasındakı qollarının sayını 45-ə yüksəldən hücumçu Fil Dişi Sahilindən olan Didye Droqbanı (44 qol) geridə qoyub. 


Digər xəbərlər

Xəbər xətti