“Rəqib öz qapısı qarşısında sanki ikiqat divar hörmüşdü" - Qara Qarayev

01:28 14 Oktyabr 2022

Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Bakıda “Olimpiakos”a (Yunanıstan) qarşı keçirdikləri oyunu şərh edib. O, 0:0 hesabı ilə bitən oyundan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:
 
“Rəqib öz qapısı qarşısında sanki ikiqat divar hörmüşdü. Cərimə meydançasına daxil olmaq çətin idi. Bəzən 5, bəzən də 6 müdafiəçi ilə oynayırdılar. Buna görə son dəqiqələrdə bir az güc itirdik. Bəlkə də daha basqılı oynasaydıq, şanslar yarada bilərdik. Rəqib hesabı qorumağa çalışırdı. Biz isə bununla razı deyildik. Qalib gəlmək istəyirdik. Futbolda belə nəticələrə hazırıq. Hesabı məyusedici saymıram. Bizim üçün yaxşı nəticədir”.
 
Təcrübəli yarımmüdafiəçi qazanılan 1 xal münasibətilə azarkeşləri təbrik edib: "Bu xal bizim üçün əhəmiyyətli idi. Rəqibin bu cür müdafiə olunacağını bilirdik. Bəlkə də səfərdəki matçdan daha az qol epizodu əldə etdik. Ümumi oyunumuz pis alınmadı. Rəqibə qol fürsəti vermədik. "Olimpiakos"dan bu cür oyun gözləyirdik. Çünki buraya 1 xal dalınca gəlmişdilər. Bu, "Qarabağ"ın, azarkeşlərimizin uğurudur. Belə bir komanda Bakıya məğlub olmamaq üçün gəlir".
 
Qarayevin sözlərinə görə, "Nant"ın Fransada Almaniya "Frayburq"unə uduzması onlar üçün üstünlük deyil: "Çünki bu komanda ilə səfər oyunumuz var. Məğlubiyyət rəqibə əlavə motivasiya verəcək. Evdə uduzmamaq üçün layiqli mübarizə aparacaqlar. Bəlkə də gələn tur pley-offa vəsiqəni təmin etmək olar. Amma "Frayburq"la Bakıdakı matçadək dəqiq nəsə demək çətindir".
 
O, Fransadakı nəticədən final fitindən sonra xəbər tutduqlarını söyləyib: "Bütün diqqətimiz "Olimpiakos"la qarşılaşmada idi". 


Digər xəbərlər

Xəbər xətti