“Qarabağ”ın hücumçusu Ramil Şeydayev Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Bakıda “Olimpiakos”a (Yunanıstan) qarşı keçirdikləri oyunu şərh edib. O, 0:0 hesabı ilə bitən oyundan sonra “CBC Sport”a açıqlamasında bunları söyləyib:
“İki oyun arasında elə bir fərq görmədim. Sadəcə, "Olimpiakos" Bakıda müdafiədən və daha sıx oynadı, bizə boş zonalar vermədi. Matçın sonlarında isə vaxtı uzadırdılar”.
26 yaşlı hücumçu rəqibdən belə oyun gözləmədiklərini bildirib: "Düşünürdük ki, hücum edib, qol vurmağa çalışacaqlar. Hətta cinah müdafiəçiləri belə, hücumlara qoşulmurdular. Tam qapanmışdılar".
Şeydayevin sözlərinə görə, qol imkanları olsa da, bəxtləri gətirməyib: "Amma 1 xal da bizim üçün yaxşı nəticədir".