“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 10-cu turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib. Sportarena.az xəbər verir ki, o, 2:2 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
"Çətin, maraqlı matç alındı. Birinci hissədə futbolçularım yaxşı oynadı, ikinci yarıda isə vuruşdular. Belə hallar olur. Komandamız yenidir, bəzi futbolçular cavandır. 90 dəqiqə eyni tempdə oynamaq üçün vaxt lazımdır. Biz işləməyə davam edəcəyik. Səhvlərdən nəticə çıxarmalıyıq. Hər xal bizim üçün önəmlidir. Çünki xal ehtiyatımızı artırmalıyıq. Altı xallıq oyuna çıxmışdıq. Qalib gəlsəydik, rəqibdən altı xal uzaqlaşacaqdıq. Onlar qalib gəlsəydi, xallarımız bərabər olacaqdı. Əsas odur ki, hər iki komanda meydanda mübarizə apardı. Azarkeşlər sona qədər bizə dəstək oldular. Buna ehtiyacımız var. Neçə oyun idi ki, konfrans zalında az adam olurdu. Artıq bölgəyə futbol qayıdıb. Həqiqətən jurnalistlərin də üzərinə böyük yük düşür. Çox deyirdik Premyer Liqa Bakı çempionatıdır. Hər kəsi burada görmək istəyirik. Buradakı ab-havanı canlı görüb, işıqlandırdıqlarına görə sevinirik.
Tovuzda futbolla yaşayırlar. Çalışırıq ki, mübarizə aparaq. Bəzi matçlarda zəif oynaya bilərik, gücümüz çatmaya bilər. Çünki rəqiblər də güclüdür. Hər bir komandaya gücümüzü göstərməyə çalışmışıq. Marafon uzundur. Yığdığımız xalla işimizin bitdiyini deyə bilmərik. Aşağı pillələrdəki komandalar da xal ehtiyatını artırır, mübarizə davam edir.
Hər epizoda VAR-da baxırlar. Matçdan əvvəl dünən keçirilən "Şamaxı" - "Qəbələ" görüşünün son dəqiqəsindəki penalti epizodunu danışırdıq, hakimlər deyirdi ki, orada penalti yoxdur. Amma hər kəs penalti olduğunu düşünür. Qaydalar var. VAR olandan sonra hakimlik haqda danışmaq istəmirəm. Çünki gedib baxırlar.