Azərbaycan yığması Niderlanddan 7 medalla qayıdır

11:00 16 Oktyabr 2022

Eyndhoven şəhərində taekvondo üzrə açıq Niderland çempionatı keçirilib.

 

Sportarena.az xəbər verir ki, 40-a qədər ölkədən 800 idmançının qatıldığı G2 kateqoriyalı yarış Azərbaycan milli komandası üçün uğurlu alınıb.

 

Kişilərdən ibarət yığmanın böyük məşqçisi Elnur Amanov, qadınlardan ibarət millinin baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçisi Sənan Həşimovun rəhbərliyi altında 8 taekvondoçumuzdan 7-ci fəxri kürsüyə yüksəlib.

 

Yığmanın heyətində bütün rəqiblərinə qalib gələn Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq) və Minayə Əkbərova (46 kq) qızıl medala sahib olub. Digər taekvondoçularımızdan Səyyad Dadaşov (54 kq), Sədri Həmidrza (58 kq), Xanoğlan Kərimov (63 kq) və Yaşar Məmmədli (68 kq) 3-cü yeri tutublar.

 

Beləliklə, yığma açıq Niderland çempionatını 3 qızıl və 4 bürünc medalla başa vurub.

 

Qeyd edək ki, komandamız oktyabrın 16-da Vətənə qayıdacaq.


Digər xəbərlər

Xəbər xətti