Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi "Tribalfootball" nəşrinə müsahibə verib.
Sportarena.az xəbər verir ki, italiyalı müətəxəssis yığmamızla müqaviləsi bitdikdən sonra bir milli komanda və iki İtaliya klubundan təklif aldığını bildirib:
"Düzünü desəm, başqa təkliflərim də var idi. Biri başqa milli komandadan, ikisi isə İtaliya klublarından. Amma Avro-2024-ün seçmə mərhələsində Azərbaycanda işləməyə davam etmək istəyirdim. Püşkatmada Albaniya kimi bəxtimiz gətirmədi. Bu, daha əvvəl Avro-2016-nın püşkatma mərasimində başıma gəlmişdi, mən Albaniyanın baş məşqçisi olduğum zaman çox çətin qrupa düşmüşdük və final mərhələsinə vəsiqə qazana bilmişdik. Ümid edirəm ki, bu dəfə də eyni şeyi edəcəyik. Amma buna nail olmaq çox çətin olacaq."
66 yaşlı məşqçi Avro-2024-ün seçmə mərhələsində yer aldıqları qrupu da dəyərləndirib. O, çətin qrup düşdüklərini lakin təslim olmayacaqlarını deyib:
"Düşünürəm ki, komandamız üçün bütün matçlar çox çətin olacaq. Belçika böyük ulduzları olan, FIFA reytinqində birinci olan komandadır. İsveçin isə oyunçuları Avropanın ən yaxşı liqalarında çıxış edirlər və fiziki cəhətdən güclü yığmadır. Avstriyaya gəlincə, yığma təkcə David Alabadan ibarət deyil. Həm də Bundesliqada oynayan digər oyunçulardan ibarət çox güclü komandadır. Əksər futbolçuları yerli çempionatda çıxış edən komandam üçün bu, çox çətin məsələdir. Ancaq bununla təslim olduğumuzu demirəm. Matçlarımızı oynayacağıq və məqsədlərimizə çatmaq üçün əlimizdən gələni edəcəyik."