“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 11-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Sportarena.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Buraya üç xal üçün gəlmişdik. Ardıcıl iki oyundakı məğlubiyyətdən sonra yenə uduzmaq xoş olmazdı. Ona görə bu oyuna çox ciddi hazırlaşmışdıq. Komplektləşmiş komandaya qarşı oynadığımızdan çətin görüş oldu. İlk dəqiqələrdə həyacan və səhvlər var idi. Birinci hissə yox, ikinci hissə məni tamamilə qane etdi. Bilirdik ki, rəqib bu gün əks-hücumlarda oynayacaq. Elə qolu da bizi oxşar vəziyyətdə tutub standartdan vurdular. Fasilədən sonra uşaqlar mən istədiyim futbolu oynadılar. Məcburiyyətdən ilk yarıda əvəzləmə etdim, çünki Ruslan Süleymanovun mövqeyində axsama var idi. Fərid Nəbiyevin meydançaya buraxılmasının əsas məqsədi oyunu gücləndirmək idi və bunun da bəhrəsini gördük. Amma Fərid də zədədən sonra tam formada deyil. Qəbələdə yerli komandadan bir xal almaq xoşdur”.