Azərbaycan millisinin üzvü narkotikə görə həbs olundu

01:42 26 Oktyabr 2022

Azərbaycanın qadın ağırlıqqaldıranı Boyanka Kostova həbs olunub. Bu barədə Bolqarıstan əsilli idmançının şəxsi məşqçisi Laçezar Kişkilov “Max Telegraf” nəşrinə açıqlama verib.
 
Onun sözlərinə görə, narkotik vasitələrin dövriyyəsində ittiham olunan dünya və üçqat Avropa çempionu azadlıqdan məhrum edilib.
 
Kişkilovun sözlərinə görə, hazırda Sliven həbsxanasında olan Kostova dopinq səbəbindən cəzalandırıldıqdan və ötən il Rusiyanın paytaxtı Moskvada keçirilmiş Avropa çempionatında qazandığı qızıl medaldan məhrum edildikdən sonra depressiyaya düşüb: "Onun başqa peşəsi yoxdur. Yanlış insanlarla rastlaşdı və pis mühitə düşdü. Mən ona dəfələrlə xəbərdarlıq etmişdim. Amma artıq gec idi. Ona dedim ki, pul qazanmağın başqa yolu da var. Lakin bu, işə yaramadı. Onu məhəllədə narkotik satarkən tutublar".
 
Xatırladaq ki, Kostova 2012, 2015 və 2016-cı illərdə Avropa, 2015-ci ildə isə dünya çempionu olub. 2016-2018-ci illərdə də dopinqə görə cəzalanmış Kostovanın London-2012 Yay Olimpiya Oyunlarındakı nəticəsi ləğv olunub.


Digər xəbərlər

Xəbər xətti