"Kəpəz" üçün yeni stadionun tikilməsi ilə bağlı müzakirə aparıldı

11:07 27 Oktyabr 2022

"Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri və Futbolun İnkişafı Fondunun icraçı direktoru Tural Piriyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ilə görüşüblər. 

 

Sportarena.az xəbər verir ki, görüşdə klubun İdarə Heyətinin üzvləri, millət vəkili Müşfiq Cəfərov, Həmid Nəsirov və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev də  iştirak ediblər.
 

Tural Piriyev rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə əlaqədar şəhər rəhbərliyinə geniş məlumat verərək fondun Gəncə klubu ilə bağlı həyata keçirdiyi layihələrdən danışıb. “Kəpəz 100k” layihəsi çərçivəsində komandaya avtobusun alınması üçün ianələrin toplanmasına başlanıldığını bildirib. Bundan başqa kluba dəstək üçün yerli iş adamları ilə görüşün keçirilməsinin planlaşdırıldığı diqqətə çatdırılıb. İcra başçısı Niyazi Bayramov bu kimi layihələrin təşkilində FİF-ə və “Kəpəz”ə dəstək olacaqlarını bildirib.
 
İdarə Heyətinin sədri İlqar Nadiri kluba göstərdiyi dəstəyə görə şəhər rəhbərliyinə minnətdarlıq edərək stadionda infrastrukturun inkişafı yönündə icra olunan layihələr haqda məlumat verib. Arenanın mövcud vəziyyəti ilə bağlı məhdud sayda azarkeşin oyunlara buraxıldığına diqqətçəkən İlqar Nadiri müasir standartlara cavab verəcək yeni stadionun tikilməsinə ehtiyac duyulduğunu vurğulayıb. İdarə Heyətinin digər üzvləri də bu istiqamətdə müəyyən təkliflərlə çıxış ediblər. Görüş bu və digər məsələlər üzrə müzakirəli şəkildə davam edib.  
 
Görüşün sonunda İlqar Nadiri Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovu oktyabrın 29-da Gəncədə “Səbail” ilə keçiriləcək oyuna dəvət edib.


Digər xəbərlər

Xəbər xətti