"Göstərdiyimiz oyunla sonuncu yerə layiq deyilik" - Vüqar Əsgərli

18:10 30 Oktyabr 2022

“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Misli Premyer Liqasının 12-ci turunda “Qarabağ”a 0:4 hesabı ilə uduzduqları oyun barədə danışıb. 

Sportarena.az xəbər verir ki, o, rəqibə yalnız 1 hissədə müqavimət göstərə bildiklərini vurğulayıb: 

“Qarabağ”a qarşı oyunların üstünlüyü var. Belə ki, bu komanda bizi Avropada layiqli təmsil edir. Güclü komandaya qarşı oynayırsan. Matça gəldikdə isə iki fərqli hissə izlədik. Birinci hissədə yaxşı müdafiə olunsaq da, fasilədən sonra futbolçuların fərdi keyfiyyəti öz sözünü dedi. İkinci hissədə ani diqqətsizlik qapımızda qol görməyimizlə nəticələndi. İnkişaf etmək üçün bu cür rəqiblərə qarşı oynamalıyıq. Önümüzə baxırıq. İnanram ki, qarşıdakı matçlarda daha yaxşı nəticələr göstərə bilərik. Məğlubiyyətə baxmayaraq, futbolçulara təşəkkür edirəm. Başa düşürəm ki, “Qarabağ”a qarşı oynamaq çətindir. Sonluqda qollar buraxırıq. Halbuki bu səhvləri etməməliyik. Diqqətsizlik qapımıza qollarla nəticələnir. Azarkeşlərə də verdikləri dəstəyə görə minnətdaram”. 

- Rəhbərlik bildirib ki, mövsümün sonuna qədər legioner transfer etməyəcəksiniz. Buna görə mövsümün yekununda sonuncu olmaq qorxusu var?

- Rəhbərliklə bu barədə müzakirə aparanda həm bizim, həm də onların istəyi o oldu ki legioner ttransfer ertməyək. Bu gün 4-5 legioner gətirsək, bu, eyni sayda azərbaycanlı futbolçunun kənarda qalması deməkdir.

- Bəzi gənc futbolçular daha çox oyun praktikası qazanmaq, inkişaf etmək üçün “Şamaxı”ya gəliblər. Onların arasında kimləri fərqləndirərdiniz?

- Heyətimizdəki gənclərin hamısı oyundan oyuna inkişaf edir. Növbəti mövsüm üçün onlar hətta iddialı klublara belə transfer oluna bilərlər. 

- Qeyd etdiniz ki, komandanız sonda səhvlərə yol verir, qapısında qollar görür. Buna səbəb nədir?

- Səbəb təcrübəsizlikdir. Bunu məşqlə qaydasına salmaq mümkün deyil. Fərdi keyfiyyəti artırmaq üçün daha çox oynamalıdırlar. Bizim futbolçuların əksəri buna qədər Premyer Liqa həyəcanı yaşamayıblar. Biz də onlara şans veririk. 

- Autsayder komandanı necə motivasiya edirsiniz?

- Oyundan əvvəl də, sonra da futbolçulara bildiririk ki, Premyer Liqada olmağımız məşqçilər üçün də, futbolçular üçün də motivasiyadır. Bizə bu şans verilibsə, bundan yararlanmalıyıq. Önümüzdə böyük marafon var. İrəli baxmalıyıq.

- Qeyd etdiniz ki, 4 legioner götürsək, 4 azərbaycanlı futbolçu kənarda qalacaq. Amma mövsümün yekununda sonuncu olsanız, komanda Premyer Liqanı tərk edəcək və belədə 20 futbolçu kənarda qalacaq...

- Niyə belə düşünək? Neqativ yox, pozitiv fikirləşmək lazımdır. Göstərdiyimiz oyunla sonuncu yerə layiq deyilik. İkinci dövrədə yaxşı hazırlıq keçib qələbələr qazanacağımıza inanıram. 

- Hansı komandanı “Şamaxı”dan aşağıda görürsünüz?

- Bunu demək çətindir. Biz öz oyunumuza baxırıq. Xal və xallar yığıb turnir cədvəlində irəliləməliyik.


Digər xəbərlər

Xəbər xətti