“Elvin Camalov ikinci sarı vərəqə almalı idi” - Elmar Baxşıyev

21:57 30 Oktyabr 2022

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 12-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib. O, 1:2 hesabıyla məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Oyunun ağır olacağını öncədən də bilirdik. “Sabah” iddialıdır, çempionatın liderlərindən biridir. Komanda meydanda yaxşı mübarizə apardı. Oyunun dinamikası yüksək idi. Əlbəttə, belə məğlubiyyət almaq ağırdır. Amma hər yenilgi bizi daha da güclü etməlidir. “Qəbələ” xal itirəndə hər kəs bir cür yanaşır. Bəziləri daxildə nələrsə baş verdiyini fikirləşir, digərləri bunu fiziki durumla bağlayır. Komandada həm abu-hava, həm fiziki hazırlıq yaxşıdır. Oyunlar bir-birindən fərqlidir. İddialı rəqiblə daha yüksək motivasiya ilə oynayırlar. Bu matçda da hiss olunurdu. Mənim üçün qara zolaq anlayışı yoxdur. Bir qələbədən sonra heç kim bu haqda danışmayacaq. Görüşü analiz edəcək və daha yaxşı olmağa çalışacağıq”. 
 
Baxşıyev hakimlik barədə də danışıb: “Hakimlikdən danışmaq istəyirəm. Mənim gördüyümə əsasən Elvin Camalov ikinci sarı vərəqə almalı idi. “Sabah”ın qələbəsinə kölgə salmaq istəmirəm. Ancaq hakimlər ilk qarşılaşmada da, bu dəfə də fərqli reaksiya verdilər. Qırılma nöqtəsi həmin epizod idi. Bundan əvvəlki üç oyunda xal itirməyimiz gərginlik yaratmayıbsa, deməli komandanı bundan uzaq saxlamağa çalışırıq.  Düşünmürəm ki, bu matçı uduzmağımızın növbəti oyuna təsiri olacaq”.


Digər xəbərlər

Xəbər xətti