“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində Almaniyanın “Frayburq” komandasına qarşı keçirdikləri oyunu şərh edib.
Sportarena.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Qalib gəlmək istəyirdik. Bunu bacara da bilərdik, az qalmışdı. Cari mövsüm avrokuboklardakı matçlara görə futbolçularıma təşəkkür edirəm. Biz eşidirdik ki, restoranlarda, böyük monitorlarda azarkeşlər matçlarımızı izləyirlər. 2022-ci il futbol ili oldu. Fanatlara da bizimlə olduqları üçün təşəkkürümü bildirirəm. Hər qarşılaşmada yaxşı mübarizə aparmaq istəyirdik. Komandamdan çox razıyam. İstirahət üçün vaxtımız da yoxdur. Oyunçular çox yorulublar. Onlar futbolun dadını tam hiss etdilər. Bu il bizim və Azərbaycan futbolu üçün böyük təcrübə oldu".
Qurbanov "Frayburq"la oyundakı hakimlik haqqında danışıb: "Həmin epizodda bəlkə də oyundan kənar vəziyyət var idi. Amma ondan əvvəl Yankoviçin ayağına zərbə dəymişdi. Epizodda xətt də çəkilmədi. Üstündən keçdilər. Bütün oyunlarda ofsayt xətti göstərilirsə, burada da olmalıdır. Hamıya eyni gözlə baxılmalıdır. Hakimlər haqqında danışmağın faydası olub-olmadığını bilmirəm. Hakimlər kənarda qalıb, VAR sistemi işləyir. Nə istəyirlər, onu da edirlər. O epizodda qol sayılsaydı, komanda daha istəkli olardı. Bilmək olmazdı ki, sonrasında qırmızı vərəqə olacaqdımı, ya yox. Qırmızı vərəqə, 10 nəfərlə mübarizə aparmaq, qol vurmaq futbolun sevilən məqamlarıdır. Görünən odur ki, qərarlar nəticəyə təsir etdi".
Təcrübəli çalışdırıcı kobud oynamamaqla bağlı futbolçularla söhbət etdiklərini bildirib: “Hər oyundan sonra futbolçulara bu barədə xəbərdarlıq edirik. Bəhlul və Kevin o epizodlara görə daha diqqətli olmalıdır. Bu turnirdə sürət tam başqadır. Çempionatımızda belə sürət nadir hallarda olur. Əlbəttə ki, daha soyuqqanlı olmaq lazımdır. Oyundan əvvəl hamıya tapşırmışdım ki, aqressiv olmalıyıq. İlk dəqiqələrdəki aqressiyanı sona qədər davam etdirdik. Bundan razıyam”.