“Qarabağ”ın Avropa Liqasında pley-offa çıxmaması sadəcə bəxtsizlikdir" - Kristian Ştrayx

00:40 4 Noyabr 2022

"Frayburq"un (Almaniya) baş məşqçisi Kristian Ştrayx Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Qarabağ"la Bakıda heç-heçə etdikləri matçdan (1:1) sonra mətbuat konfransı təşkil edib. Sportarena.az xəbər verir ki, o, əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb:

- Güclü rəqibə qarşı oynadıq. Heyətdə rotasiyalar etmişdik, bir neçə gənc oyunçuya şans vermişdik. Say üstünlüyümüz olsa da, “Qarabağ” çox gözəl oynadı, işimizi çətinə saldı. Amma deyə bilərəm ki, bizim bəxtimiz gətirdi.  “Qarabağ” sürət və taktiki baxımdan möhtəşəm oynayır. Qurban Qurbanov burada möhtəşəm iş görüb. Bəxtimiz gətirdi ki, 1 xal qazandıq.

- Sizcə, bu “Qarabağ” Konfrans Liqasında nə qədər irəli gedə bilər?

- “Qarabağ”ın Avropa Liqasındakı bütün oyunlarını izləmişəm. Pley-offa çıxmamaları bəxtsizliklə bağlıdır. Bu oyunla çox irəli gedə bilər. “Qarabağ”dan çox şey gözləmək olar. “Qarabağ”ın Avropa Liqasında pley-offa çıxmaması sadəcə bəxtsizlikdir.

- Almaniyadakı ilk oyundan əvvəl və sonra da “Qarabağ”ı tərifləmişdiniz. Səfərdən öncə isə Azərbaycan və Bakı barədə xoş sözlər səsləndirmişdiniz. Bu sevginiz nədən qaynaqlanır?

- “Qarabağ”la qarşılaşmazdan öncə Azərbaycanı tanımırdım. Püşkatmadan əvvəl xəbərim yox idi. Ondan sonra oyunlara baxdım. Komandanın oynadığı hücumameyilli futbol diqqətimi çəkmişdi. “Qarabağ”ın oynadığı futboldan həzz alırdım. Bu, oyun stilinə olan simpatiyamdır.

- Sizcə, Avropa Liqasının pley-offuna “Qarabağ”, yoxsa “Nant” daha çox layiq idi?

- Futbolda bəxt amili də rol oynayır. “Nant”a qarşı da oynamışıq. Kimin xalı çoxdursa, o da növbəti mərhələyə çıxır. Daha əvvəl də dedim ki, bu gün xal qazandığımız üçün bəxtimiz gətirdi. Ancaq fakt odur ki, yekunda “Nant”ın xalı daha çox oldu.

- “Qarabağ”da hansı futbolçular diqqətinizi cəlb etdi? Kimisə komandanızda görmək istəyərsiniz?

- Vaxtım olsa, “Qarabağ”ı Konfrans Liqasında izləyəcəyəm. Komandada sağlam ab-hava var. Oyunlardan əvvəl izləyəndə görürdüm ki, “Qarabağ” hər qol vuranda ehtiyat oyunçular, məşqçilər heyəti – hamı sevinirdi. Bu göstərir ki, komandada hər şey çox yaxşıdır. Bu, mənim üçün vacib amildir. Möhtəşəm baş məşqçi Qurban Qurbanovun işi mənə çox maraqlıdır. O, 2008-ci ildən burada çalışır. Oyunlardan sonra başa düşdüm ki, niyə uzun müddətdir, bu komandadadır. Hazırda kifayət qədər oyunçumuz var. Həddən çox futbolçunu komandaya cəlb edə bilmərəm. Kadi Borges, Ovusu Kvabena və Abdullah Zubir çox güclü oyunçulardır.

- İlk oyundan sonra da Qurban Qurbanovla danışmışdınız. Bu gün də matçdan əvvəl söhbətiniz oldu. Onunla nələr danışdınız?

- Biz həmkarıq. Səmimi və dost kimi danışdıq. İlk oyundan sonra mənə müsbət emosiya ilə yanaşmışdı. Mən uduzsaydım, inanmıram ki, belə danışa bilərdim. Bəlkə, final fitindən sonra birbaşa paltardəyişmə otağına yollanardım.

- Ötən ili çıxsaq, “Qarabağ”la qarşılaşan komandalar adətən finala qədər gedir, ya da çempion olurlar. Bu dəfə turnirdə güclü kollektivlər var. Öz komandanızdan belə gözləntiniz var?

- Avropa Liqası bizim üçün çox maraqlı turnirdir. Rəqibləri də görəndə matçları daha həvəslə gözləyirsən. Bundesliqada da işlərimiz yaxşı gedir. Komandam çox yaxşı futbol göstərir. Oyundan oyuna fikirləşirik. Nə olacağını görəcəyik. Çox irəli baxmaq istəmirəm. Qonaqpərvərliyə görə Azərbaycana minnətdarlığımızı bildiririk. “Qarabağ”a uğurlar arzulayırıq. İnanıram ki, belə futbolla çox yaxşı nəticələr əldə edə biləcəklər. 


Digər xəbərlər

Xəbər xətti