"Deyə bilərəm ki, "Qarabağ"ın tarixindəki ən gözəl oyun idi. Möhtəşəm oynadıq. Statistikaya baxsaq, topla oynama 55 faizlə bizim tərəfdə idi. İkinci hissədə 10 nəfərlə oynamağımıza baxmayaraq, yenə də oyuna biz nəzarət edirdik. Ötürmələrin dəqiqliyi 82 faizdir. Bunlar çox böyük rəqəmlərdir".
Bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda evdə "Frayburq"la 1:1 hesabı ilə heç-heçə etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
"Nant"ın qələbəsinə görə qrupdan çıxa bilmədik. Unutmayaq ki, qarşımızdakı komanda Bundesliqanın ən güclü üç klubundan biridir. "Qarabağ"la fəxr edirəm. İnanıram ki, Konfrans Liqasında öz sözümüzü deyəcəyik. Arzum öncə 1/4 finala, sonra yarımfinala və finala kimi irəliləməkldir. Özümüzə inanırıq. Bu il Avropanın 3 ən gözəl komandasından biri "Qarabağ"dır" - deyə o bildirib.
T.Gözəl qışda transfer edib-etməyəcəkləri ilə bağlı deyib: "İndi bunu fikirləşmirik. Çünki transfer pəncərəsi bağlıdır. Gələcəkdə isə komanda mütləq güclənəcək. Hər zaman bu barədə düşünürük. Daim axtarışdayıq".
O, hakimliklə əlaqədar verilən sualı belə cavablandırıb: "Hakimin oyunu idarə etməsi mənə xoş təsir bağışlamadı, peşəkarlıqdan uzaq gəldi. Qırmızı vərəqənin çox ağır olduğunu düşünürəm. Bu, gələcək oyunlarımıza da təsir göstərəcək. Vurduğumuz qollar sayılmadı. Həm sevindik, həm üzüldük. Amma verilən qərarlara hörmətlə yanaşıram".
T.Gözəl Konfrans Liqasında hədəflərinin böyük olduğunu vurğulayıb: "Hələ mübarizəmiz davam edir. Biz millət olaraq son damla qanımıza qədər savaşacağıq. Bizi buraya gətirən Ali Baş Komandanın, xalqın inamıdır. Sonadək mübarizə aparacağıq. Hələ deməyə sözümüz var".