“Bəzən hər şeyi doğru edirsən, amma qol vurmaq alınmır”.
Bunu “Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borges UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun “Frayburq”la (Almaniya) oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
Braziliyalı yarımmüdafiəçi əlinə düşən şanslardan yararlana bilməməsi ilə bağlı qeyd edib ki, bunun səbəbini sözlə ifadə etməkdə çətinlik çəkir: “Bilmirəm bunu necə izah edim. Bəlkə texniki səbəblərə görə alınmır, bəlkə bəxtim gətirmir. Bunu sözlə ifadə edə bilməyəcəm. Oyun zamanı bəzən olur ki, yanlış qərar verirsən, amma bu, yekunda qolla nəticələnir. Bəzən isə əksinə olur. Tək çıxış yolu çoxlu işləməkdir. Daha çox işləməli, daha çox məşq etməliyik ki, uğurlu olaq”.
Futbolçu komandanın oyunun ilə qürur duyduğunu vurğulayıb: “Avroliqada sonuncu matça qədər qrupdan çıxmaq üçün şanslarımızı saxladıq və mübarizə apardıq. Bugünkü görüş haqqında onu deyə bilərəm ki, belə matçların taleyini detallar həll edir. Çoxlu qol vəziyyətləri yaratsaq da, təəssüf ki, bunlardan istifadə edə bilmədik. Rəqib isə əlinə düşən şansdan yararlandı. Reallıq budur ki, biz Konfrans Liqasında oynayacağıq. Gözləyəcəyik ki, görək, bəxtimizə hansı komanda çıxacaq. Ona uyğun hazırlaşacağıq”.