“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 13-cü turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri səfər oyununu şərh edib. O, 0:1 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Matçın bitəcəyini gözlədiyimiz dəqiqədə meydanın mərkəzindən qol buraxdıq. Çətin də olsa, məğlubiyyəti həzm edib, yolumuza davam etməliyik. İsti-isti nəsə söyləmək çətindir. 93-cü dəqiqədə qol buraxıqdan sonra irəli atıldıq. Künc zərbəsi zamanı qol şansı yaxalasaq da, faydala bilmədik. Qismətimizdə bu gün məğlubiyyət var idi".
O, cari mövsüm nəticələrin qeyri-sabit olduğunu etiraf edib: "Bu gün qələbə üçün oynayırdıq, amma heç-heçə də pis deyildi. Buna baxmayaraq, uduzduq. Bu gün hər 3 nəticə layiqli olacaqdı. Son 4 oyundan 3-də uduzmuşuq. Amma bu gün 1 xala layiq idik. Lakin futbolda proqnoz verrmək olmur. Mütləq qarşıdakı oyunlara köklənməli, xal ehtiyatımızı və turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmalıyıq".
Baş məşqçi ötən tur "Neftçi" ilə oyunda səhvə yol verən Anar Nəzirovu cəzalandırmadıqlarını söyləyib: "Sadəcə, bu gün Mehdi Cənnətova şans verdik. Heç də pis təsir bağışlamadı. Vurulan qolda rəqib futbolçunun ustalığını da qeyd etməliyik. 50 metrdən bu cür dəqiq zərbə endirmək üçün ustalıq lazımdır".
Sadıqov matçdan sonra futbolçuları arasında düşən mübahisəyə də toxunub: "Oyundan sonra bu barədə söhbətimiz oldu. Təbii ki, mübahisə ancaq meydanda qala bilər. Qələbəni bir yerdə qazandığımız kimi, məğlubiyyətə görə də kimisə günahlandıra bilmərik”.