"Çalışacağıq ki, avrokuboklar uğrunda mübarizədən qopmayaq" - Elmar Baxşıyev

18:25 5 Noyabr 2022

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 13-cü turunda evdə “Zirə”yə qarşı matçdan sonra mətbuat konfransı keçirib. O, komandasının qələbəsi (1:0) barədə bunları deyib:

- Oyunun çətin keçəcəyini bilirdik. “Zirə” güclü rəqibdir. İlk dəqiqələrdən sona kimi oyundan qopmadıq. Komandamızı təbrik edirəm. Amma azarkeşsiz futbol olmur. Bugünkü qələbəni azarkeşlərimizə həsr edirik. Bu, onların qələbəsidir.

- Ülvi İsgəndərovu meydana buraxdınız və o, baxımlı qol vurdu. Bunu necə şərh edərdiniz?

- Ülvidən hər zaman qeyri-adi nəsə gözləmək olar. O, çempionatda ən qeyri-adi hücumçulardan biridir. Hər an matçın  taleyini həll edə bilər. 

- Kapitan Asif Məmmədovun bu gün start heyətində yer almamasının səbəbi nə idi?

- Asifin mikro zədəsi var idi. Buna görə də bu gün ilk “11-lik”dən kənarda qalmışdı. 

- “Neftçi” ilə oyun öncəsi bu qələbə komandanızı necə motivasiya edəcək?

- Hamı bizim məğlubiyyəti bir cür müzakirə edir. Amma bizim heç bir sıxıntımız yoxdur. Komanda olaraq möhkəmik. Həm psixoloji, həm də hazırlıq baxımından tam hazırıq. Ötən oyunda uduzsaq da, sona kimi vuruşduq. Təbii ki, bəzi oyunlarda udacaqsan, bəzilərində uduzacaqsan. Çalışacağıq ki, avrokuboklar uğrunda mübarizədən qopmayaq. 

- Qələbəyə baxmayaraq, komandanızın sərgilədiyi oyundan razı qaldınız?

- Futbolçuları da bir az başa düşmək lazımdır. Boş tribunalar önündə oynamaq çox çətindir. Sanki məşq edirsən. Ümid edirəm, bir də bu cür hal təkrarlanmayacaq. 

- Ülvi İsgəndərov istedadlı futbolçu olsa da, milli səviyyəsinə yüksələ bilmir. Sizin fikrinizcə, onda nə çatışmır?

- Xarakter olaraq bir az dəyişməlidir. Amma onda olan bir çox komponentlər əksər futbolçularda yoxdur.

 


Digər xəbərlər

Xəbər xətti