Misli Premyer Liqasının 3-cü turundan təxirə salınmış, hazırda davam edən "Turan Tovuz" - "Qarabağ" oyunundan öncə Peşəkar Futbol Liqası klublar və futbol ictimaiyyəti ilə birgə şəhidlərin xatirəsini yad edib.
Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Peşəkar Futbol Liqasının əməkdaşları, şəhid ailələri, qazilər, "Turan Tovuz" və "Qarabağ" klublarının üzvləri, Futbolun İnkişafı Fondunun nümayəndələri, hakimlər və hakim inspektorların iştirakı ilə keçirilən tədbirdə ilk olaraq Tovuz şəhər stadionunun ərazisində yerləşən şəhid İlqar Zeynallının ("Turan Tovuz"un keçmiş futbolçusu) abidəsi, ardından Tovuz şəhərindəki şəhidlər xiyabanı ziyarət edilib. Ehtiram əlaməti olaraq abidələr önünə gül çələngi qoyulub.
Oyundan öncə Zəfər və Bayraq günü ilə bağlı məlumat verilib. Həmçinin Futbolun İnkişaf Fondu və “Turan Tovuz” futbol klubu ANAMA və UNICEF-in Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə “Mina və Partlayıcı Hərbi Sursatların Təhlükəsinə dair Məlumatlandırma Ayı” layihəsinə start verildiyi tamaşaçıların diqqətinə çatdırılıb.
Ardından futbolçular və hakimlər Tovuz Futbol Akademiyasının əllərində bayraq yelləyən azyaşlı futbolçuları ilə meydana çıxıblar.
Start fitindən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Simvolik olaraq topa ilk zərbəni mina partlayışından zərər çəkmiş Tovuzun Əlibəyli kənd sakini 18 yaşlı Elgün Hüseynov endirib.