Qurban Qurbanov: “Buna bir çıxış yolu tapmaq lazımdır”

17:48 9 Noyabr 2022

Azərbaycan Premyer Liqasında III turdan təxirə salınmış “Turan Tovuz” – “Qarabağ” (0:2) matçından sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
 
Sportarena.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib:
 
- Bütün tovuzlulara yaratdıqları ab-havaya görə təşəkkür edirəm. 25-26 il əvvələ getdim. Burada çox xoş xatirələrim var idi. Uzun illərdir, görmədiyim insanları gördüm. Mənim üçün çox xoş oldu. Hər birinə təşəkkür edirəm. Tovuzdan həmişə razı qalmışam. Bu komandaya uğurlar arzulayıram. Bu azarkeşlər yaxşı nəticələrə layiqdirlər. Oyuna gəldikdə, çox vacib 3 xal qazandıq. Yorğun səfər idi. 3 gündən bir oyunlarımız olur. Buna baxmayaraq, futbolçular qalib gəlməyi bacardı. Təəssüf ki, yorğunluğun üzərinə daha da yorğunluq gəldi. Ələlxüsus da süni örtükdə. Azarkeşlərimizə təşəkkür edirəm. Ayxan Abbasov və komandasına uğurlar arzulayıram.
 
- Şahruddinin durumu nə dərəcədə ağırdır?
- Ağrıları var. Çox da rahat hərəkət edə bilmir. Bir az halsızlaşmışdı. İndi özünə gəldi. Bakıya qayıtdıqdan sonra dəqiq diaqnoz qoyulacaq. Yeni meydan olsa da, süni örtük ağırdır. Mən süni örtüyün tərəfdarı deyiləm. Veşoviç də ilk hissədə ağrılar hiss etdi. Bunlar futbolçunu çox geri salır. “Turan Tovuz”un da 7 futbolçusu zədəlidir. Onlar burada məşq edirlər. Buna bir çıxış yolu tapmaq lazımdır. Belə meydandakı oyundan 5-6 gün keçdikdən sonra futbolçular özlərinə gəlir. Əlavə yüklənirlər və mikro-zədələr çox olur. Bütün meydançalarımızın təbii örtüklü olmasını istəyirəm.
 
- Komandanıza dəstəyi görəndə “bu azarkeşləri necə üzmək olar” deyə fikirləşdiz?
- Bura gəlməyimiz onların sevinci idi. İnanın ki, duyğulandım. Çox maraqlı və xoş mənzərə idi. Bir daha ürəkdən onlara təşəkkür edir və uğurlar arzulayıram.
 
- Komandanın oyun keyfiyyətindən narazılığınız yoxdur?
- Bu matçda var. Futbolçular meydançaya uğyunlaşınca xeyli vaxt keçir. Top itkiləri var idi. Bu da əlavə güc sərf etməyə səbəb olur. Yorğunluq və meydança amilinə görə normaldır. Buna görə də çox narahatlığım yoxdur.
 
- Qarşıda “Sabah”a qarşı ağır oyununuz olacaq...
- Çalışacağıq ki, komandanı müksimum bərpa edək. Güclü rəqibə qarşı gözəl oyun göstərmək istəyirik.
 
- Bu gün meydana əsas heyəti buraxmışdız. “Sabah”la oyundan öncə rotasiyalar gözlənilirdi...
- Oyuna kimi vaxtımız var. Əvvəlki matçda rotasiyalar olmuşdu. “Sabah”la matçda dəyişikliklər ola bilər. Amma inanmıram ki, qlobal dəyişiklik olsun.
 
- Ukrayna səfiri bildirib ki, Kiyev “Dinamo”sunun Bakıda yoldaşlıq oyununu təşkil etmək istəyirlər. Təklif olsa, belə matça razılaşarsız?
- Belə komandalarla yoldaşlıq oyunları bizim üçün xoş olar. Amma bizim öz cədvəlimiz var. Uyğun olan vaxtda bunu edə bilərik. Futbolçularımızı nəzərə almalıyıq. Boş vaxtımız olsa, məmnuniyyətlə qəbul edərik. İşimizə mane olacaqsa, yaxınlarda gözlənilmir. Ümumiyyətlə, müzakirə etmək olar.
 
- Qışda heyəti gücləndirmək istiqamətində addımlar atacaqsız?
- Yorğunluqla bağlı sözlərim şikayət kimi olmasın. Reallıqları deyirəm. Bir neçə futbolçu cəlb etməyi çox istərdik. Heyətdə 22-23 futbolçu olsa da, bəzən əlimizdə 14-15-i qalmışdı. Daim uğur qazanmaq üçün heyətin geniş olması şərtdir.
 
- Ötən mövsümün bu hissəyə qədərki dövrü ilə bu mövsümün indiyə qədərki dönəmini necə müqayisə edə bilərsiz?
- Oyun sayı artıb. Bu, sevindirici haldır. Bölgələrə gəlmək futbolumuz üçün çox xoşdur. Keçən il avrokubokda yaxşı mövsüm keçirdik. Demək olar ki, o tempi qoruyub saxlaya bilmişik. Builki avrokubok oyunlarımız daha baxımlı oldu. Çox güclü rəqiblərlə qarşılaşdıq. Hər matç böyük ajiotaja səbəb oldu. Hər yerdə bizim oyunlarımızı isləmək üçün xeyli sayda azarkeş yığılırdı. Bu da rəqiblərin ciddiliyi ilə əlaqədardır. Bu, Azərbaycan futbolunun inkişafı üçün böyük təkandır. Azarkeşlərə futbolu sevdirmək lazımdır. Çempionatın səviyyəsinə gəldikdə, 13 qələbə qazansaq da, bizim üçün elə də asan olmadı. Bütün matçlarda futbolçular əziyyət çəkdi. İnkişaf görürəm. Yerli futbolçularımızın sayı çoxalıb. Ustalıq səviyyəsi çox olmaya bilər, amma təcrübə artdıqca yaxşılaşacaq. Bütün klubların həm maddi, həm struktur cəhətdən daha yaxşı olmasını arzu edirəm. Mən pozitivəm.
 
- Azarkeşlər qapıçı transferinin olub-olmayacağı ilə maraqlanır...
- Hər xəttə oyunçu axtarırıq. Hər şey idealdır deyə bir düşüncəmiz yoxdur. Həmişə əlimizdə olanları daha yaxşı səviyyəyə çatdırmağa çalışmışam. Mənim üçün ürəyini meydanda qoyan, kluba sadiq insanlar çox önəmlidir. Rəqabəti daha da aktivləşdirmək istəyirik. Necə ki, digər xətlər, qapı mövqeyinə də oyunçu axtarırıq. Əlimizdə olanlara güvənirik.
 
- Ardıcıl 13 qələbə ilə Azərbaycan çempionatları tarixində rekorda imza atdız. Bu barədə məlumatınız var idi?
- Bəli. Saytlarda oxuyuram. Buna bir o qədər də önəm vermirəm. Bilirəm ki, hər oyun qalib gəlmək lazımdır. Futbolçuları tam aktiv oyuna hazırlamağa çalışırıq. Qarşıda bizi çətin oyunlar gözləyir. Dayanmalı deyilik. Keçmiş statistikaya yönəlməməli, qarşıdakı matçlara istiqamətlənməliyik. 


Digər xəbərlər

Xəbər xətti