Yığmamızın rəqiblərindən ikisi qalib gəldi, biri məğlub oldu

10:25 17 Noyabr 2022

Dünyanın yaşıl meydanlarında milli komandalar səviyyəsində yoxlama oyunları keçirilib. Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsindəki rəqiblərindən olan Avstriya yığması da növbəti matçına çıxıb.
 
Ralf Ranqnikin baş məşqçi olduğu kollektiv səfərdə Andorraya minimal hesabla qalib gəlib. Yeganə qolu 87-ci dəqiqədə Marko Arnautoviç vurub.
 
Azərbaycan millisinin digər rəqibi Estoniya isə Baltik Kuboku turnirində Latviya ilə qarşılaşıb. Yarımfinal görüşünün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan (5:3) latviyalılar finala yüksəliblər.
 
Daha bir rəqibimiz – İsveç yığması Meksika seçməsi ilə üz-üzə gəlib. 2:1 hesablı qələbə qazanan avropalıların heyətində Rohden (54) və Svanberq (84) fərqlənib.
 
Xatırladaq ki, Azərbaycan millisi seçmə mərhələdə Belçika, Avstriya, İsveç və Estoniya ilə birlikdə F qrupunda mübarizə aparacaq. Yığma ilk oyununu gələn il martın 24-də səfərdə məhz Avstriyaya qarşı keçirəcək.


Digər xəbərlər

Xəbər xətti