Taekvondoçumuz dünya çempionatında bürünc medal qazandı

10:52 17 Noyabr 2022

Azərbaycan milli komandası Meksikanın Qvadalaxara şəhərində keçirilən taekvondo üzrə dünya çempionatında ilk medalını qazanıb. Yığmamızın aktivinə mükafatı Cavad Ağayev əlavə edib.
 
68 kq çəki dərəcəsində yarışan idmançı mundialda mübarizəyə 1/32 finaldan başlayıb. Avropa çempionumuz ilk döyüşdə taylandlı Ço Çaiçonla üz-üzə gəlib. Rəqibinə 2:0 hesabı ilə qalib gələn Ağayev növbəti döyüşdə eyni hesabla polşalı Mateuş Şzesnovskini məğlub edib.
 
Cavad 1/8 finalda özbəkistanlı Uluqbek Raşitovla münasibətinə aydınlıq gətirib. Taekvondoçumuz gərgin keçən döyüşü 2:1 hesabı ilə aktivinə yazıb. O, növbəti sınağında iordaniyalı Zaid Mustafa ilə qarşılaşıb. Ağayev bu dueldən də qalib ayrılaraq (2:1), yarımfinala vəsiqə qazanıb. O, finala gedən yolda cənubi koreyalı Do Yun Kvonla qüvvəsini sınayıb. Rəqib qələbə qazandığından idmançımız mundialı bürünc medalla başa vurub.
 
68 kq çəki dərəcəsində yarışın qalibi isə məhz Kvon olub.
 
Dünya çempionatı noyabrın 20-də başa çatacaq.


Digər xəbərlər

Xəbər xətti