Ən çox mundialda iştirak etmiş baş məşqçilər

14:40 17 Noyabr 2022

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bu il Qətərdə keçiriləcək dünya çempionatı ərəfəsində daha bir mövzu ilə bağlı araşdırma aparıb.

 

Bu dəfə daha çox mundialda baş məşqçi kimi iştirak etmiş şəxslərin siyahısı açıqlanıb.

 

Siyahının ilk pilləsində 6 dəfə DÇ final mərhələsi həyəcanı yaşamış braziliyalı Karlos Alberto Parreyra yer alıb. O, hamı üçün əlçatmaz olan uğurlu yoluna 1982-ci ildə başlayıb. İspaniyada keçirilmiş mundialda Küveyt millisinə rəhbərlik etmiş mütəxəssis İtaliya-1990-da BƏƏ, ABŞ-1994 və Almaniya-2006-da Braziliya, Fransa-1998-də Səudiyyə Ərəbistanı, CAR-2010-da isə meydan sahiblərinin baş məşqçisi olub.

 

Parreyraya ən yaxın nəticə göstərmiş ikinci baş məşqçi Bora Milutinoviçdir. O, 5 dəfə DÇ final mərhələsində iştirak edib. Meksika vətəndaşı olan keçmiş yuqoslaviyalı bunu 5 müxtəlif komanda ilə bacarıb. Milutinoviç 1986-cı ildə Meksikada keçirilmiş mundialdan 2002-ci ildə Yaponiya və Cənubi Koreyada baş tutmuş final mərhələsinə qədər uyğun ardıcıllıqla Meksika, Kosta-Rika, ABŞ, Nigeriya və Çin millilərinə rəhbərlik edib. (Report)


Digər xəbərlər

Xəbər xətti