Qətərdə keçirilən dünya çempionatı çərçivəsində baş tutan Argentina ilə oyunda zədələnən Səudiyyə Ərəbistanı millisinin futbolçusu Yasser Əl-Şəhraninin durumuna aydınlıq gəlib. 30 yaşlı müdafiəçiyə çənə sınığı, bir neçə üz sümüyünün əzilməsi və daxili qanaxma diaqnozu qoyulub.
Vəziyyəti ciddi olan oyunçu əməliyyat olunacaq. Səudiyyə rəsmiləri Əl-Şəhraninin Almaniyaya aparılması üçün şəxsi təyyarə ayırıb.
Xatırladaq ki, yığmanın qapıçısı Məhəmməd Əl-Ovais matçda komanda yoldaşını zədələyib. Qolkiper görüşün sonlarında topu cərimə meydançasından uzaqlaşdırmaq istəyərkən diziylə Yasser Əl-Şəhraninin üzünə zərbə endirib. Dizi əzilən qapıçı oyunu davam etdirsə də, komanda yoldaşı meydanı xərəkdə tərk edib.