Qətər millisi DÇ-2022-də qrupdan çıxmaq şanslarını itirib.
Bu, 2-ci turda Seneqalla görüşdən sonra dəqiqləşib. Qətər rəqibinə 1:3 hesabı ilə uduzub. Komanda ilk matçında isə Ekvadora məğlub olub - 0:2.
Nəticədə Qətərin Niderlandla sonuncu - 3-cü tur oyununun nəticəsindən asılı olmayaraq A qrupundan pley-offa yüksələ bilməyəcəyi qətiləşib.
Qeyd edək ki, A qrupunda Niderland 4 xalla liderdir. Eyni xalı olan Ekvador isə 2-cidir. Seneqal 3 xalla 3-cü pillədə qərarlaşır.
Xatırladaq ki, DÇ-2022-yə Qətər ev sahibliyi edir. Noyabrın 20-də start götürən turnir dekabrın 18-dək davam edəcək.