Azərbaycanın iki güləşçisi Dünya Kubokunda iştirak edəcək

18:56 6 Dekabr 2022

Azərbaycanın 2 güləşçisi dekabrın 10-da ABŞ-ın Ayova ştatının Koralvill şəhərində start götürəcək Dünya Kubokunda iştirak edəcək.

 

Sportarena.az xəbər verir ki, sərbəst və qadın güləşi üzrə 2 gün davam edəcək yarışda ölkəmiz fərdi qaydada təmsil olunacaq.

 

Sərbəst güləşdə Dünya yığmasının tərkibində Osman Nurmaqomedov (92 kq) yer alıb. Bu komanda B qrupunda Yaponiya və İranla mübarizə aparacaq. A qrupunda isə ABŞ, Gürcüstan və Monqolustan çıxış edəcək.
 

Qadın güləşində isə Dünya yığmasının heyətində Jalə Əliyeva (57 kq) qüvvəsini sınayacaq. Bu kollektiv B qrupunda Çin və ABŞ-la münasibətlərinə aydınlıq gətirəcək. A qrupunun iştirakçıları Yaponiya, Ukrayna və Monqolustandır.
 

Reqlamentə əsasən, ayın 10-da qrup görüşləri keçiriləcək. Qrup qalibləri finala, ikinci yeri tutan komandalar isə bürünc medal uğrunda görüşə vəsiqə qazanacaq. Final və 3-cü yer uğrunda qarşılaşmalar dekabrın 11-də baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti