"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Rumıniya komandalarının onunla maraqlanması iddialarına münasibət bildirib.
Sportarena.az xəbər verir ki, 47 yaşlı mütəxəssis bu barədə "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra açıqlama verib.
Baş məşqçi tam olaraq hazırkı komandasına kökləndiyini söyləyib: "Bu barədə mənə daha əvvəl də sual verilib. Mediaya mənim haqqımda xəbər yazmağı qadağan edə bilmirəm. Nə istəsəniz yaza bilərsiniz, bu, sizin hüququnuzdur. Mən "Neftçi"dəyəm. Klubda yeni toplantı olub. Heyəti gücləndirmək barədə danışmışıq. Mən tərəfdən heç bir problem yoxdur. Komandamı dəyişmək barədə düşünmürəm".
Qeyd edək ki, Laurentsiu Regekampf cari mövsümün əvvəlində "Neftçi" ilə 2 illik müqavilə imzalayıb.