Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Zirə"yə qarşı ilk oyunda zədələnmiş "Neftçi"nin futbolçusu Eddi İsrafilovun durumuna aydınlıq gəlib.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçib.
"Ağ-qaralar"ın baş həkimi Şaiq Zöhrablı İsrafilovun diz oynağının bağ və sümük aparatında sınıq və ya gərilmə müşahidə olunmadığını bildirib: "Sadəcə, ciddi toqquşma nəticəsində əzilmə və həmin hissədə yüngül ödem olduğuna görə futbolçu ağrı hiss edir. O, gələn həftədən fərdi məşqlərə başlayacaq, sonradan komandaya qoşulacaq. Futbolçunun səhhətində ciddi problem yoxdur".
Qeyd edək ki, qarşılaşma "Neftçi"nin məğlubiyyəti ilə bitib - 0:1. Cavab matçı dekabrın 20-də baş tutacaq.