Bugün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Braziliya Ciu-citsu Federasiyasının dəstəyilə Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Açıq Bakı Turniri keçirilib.
Sportarena.az xəbər verir ki, turnirin əvvəlində Ulu öndərin xatirəsi yad edillib, Azərbaycanın himnisi səsləndirilib.
Yarış Braziliya Ciu-citsu Federasiyasının prezidenti Aqil Acalovun qonaqları salamlayaraq turniri açıq elan etməsi ilə başlayıb.
Aqil Acalov çıxışında ümummilli lider Heydər Əliyevin idmana xüsusi qayğısından danışıb, onun xatirəsinə həsr olunan silsilə tədbirlərin adət üzrə qarşıdan gələn “Heydər Əliyev ili”ndə də keçiriləcəyini qeyd edib.
Daha sonra Braziliya Federativ Respublikasının Azərbaycandakı səfirinin müşaviri Aleşandre Azevedo Silveira çıxış edərək, idman sahəsində Azərbaycanla Braziliya arasındakı əməkdaşlıqdan məmnun olduğunu bildirib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rəşad Əliyev isə çıxışında Ulu öndərin həyata keçirdiyi uğurlu idman siyasətindən danışaraq, onun xatirəsinə həsr olunmuş tədbirlərin davamlılığının vacibliyini vurğulayıb.
Çıxışlardan sonra Aqil Acalov Braziliya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruzun təltif olunduğu Fəxri fərmanı müşavirə təqdim edib.
Bədii hissədə isə respublikanın əməkdar artisti Zaur Əmiraslanov Ulu öndərə həsr olunmuş ifasını səsləndirib.
200-ə yaxın idmançının iştirak etdiyi yarışın sonunda qaliblər medal və mükafatlarla təltif olunub.