“Neftçi”nin adı, tarixi var" - Ağasəlim Mircavadov

12:55 12 Dekabr 2022

“Mən hələ yayda demişdim ki, “Neftçi”də böyük problemlər olacaq. Qalib gəldiyi oyunlardan sonra da bildirmişdim ki, əsas qələbə deyil, gərək komandada oyun olsun”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri AFFA Məşqçilər Komitəsinin üzvü, Əməkdar məşqçi Ağasəlim Mircavadov "Neftçi" klubundakı hazırkı durumu Qol.az-a şərh edərkən deyib.

 

“Neftçi” hazırda Misli Premyer Liqasında 32 xalla 3-cü pillədə qərarlaşıb. Son turda öz meydanında “Qarabağ”a 0:4 hesabı ilə uduzan “ağ-qalar”ı lider olan Ağdam təmsilçisindən 12 xal ayırır. 29 xalla 2-ci pillədə qərarlaşan “Sabah” da artıq “Neftçi”dən uzaqlaşmaqdadır. Bundan başqa, paytaxt təmsilçisi kubokun 1/4 final mərhələsinin ilk oyununda "Zirə"yə məğlub olub (0:1)

 

"Neftçi"nin klubunun sabiq baş məşqçisi komandadakı problemlərdən danışarkən ilk növbədə transfer işinin düzgün aparılmadığını, “Neftçi”yə yaraşmayan legionerlərin heyətə cəlb olunduğunu bildirib: “Klubun adına uyğun oyunçu almaq lazımdır. Buna imkan da var. Olmasa, heç bu haqda danışmaram. Amma imkan varsa, sual yaranır ki, niyə yaxşı oyunçuları dəvət etmirsiniz? “Qarabağ” axtarır, gözləyir və özünə uyğun oyunçu alır. Bu, çox gözəldir. Amma “Neftçi”də legioner transferlərin çoxu səhv edilib. Bir legioner ki, gəlib oyun vaxtı məşqçinin yanında oturacaq, o kimə lazımdır? Transfer edəndə keyfiyyətə yox, kəmiyyətə fikir veriblər. Düşünüblər ki, sayı çox olsun. “Neftçi”yə yaşlı legonerlər yox, hazır oyunçular lazımdır. Belə olmaz axı. “Neftçi”nin adı var. Bu klub Azərbaycan futbolunun tarixidir. Bunu hamı bilir ki, “Neftçi”dən hansı futbolçular çıxıb. İndi komandaya baxıram, ürəyim ağrıyır. Axı “Neftçi”nin öz oyunu, öz dəsti-xətti olub.“Neftçi” həm də yerli transfer bazarında uduzdu. “Qarabağ” və “Sabah” bu sarıdan yaxşı işlədi. Buna görə də bu komandalarda yerli futbolçular hamısından güclüdür”. 

 

A.Mircavadov son vaxtlar “Neftçi”dən ayrılacağı ilə bağlı xəbərlər yayılan rumıniyalı baş məşqçi Laurentsiu Regekampfın digər legioner məşqçilər kimi sırf nəticə haqda düşündüyünü deyib. O qeyd edib ki, klubun uğurlu olması üçün baş məşqçi akademiyanın oyunçularını da izlməlidir:  “Baş məşqçi mənim həmkarımdır. Onun haqqında çox danışmaq istəmirəm. Ancaq gərək legioner məşqçiyə bildirsinlər ki, bu, tarixi klubdur, burada başqa hərəkətlər olmaz.

 

Bizdə legioner məşqçini sırf əsas komanda üçün gətirirlər. Klubun əvəzedici heyətinə, akademiyasına fikir vermirlər. Mən dəfələrlə şahidi olmuşam ki, bir çox klubun məşqçi heyəti akademiya ilə maraqlanmır. Legioner baş məşqçi ilə söhbətimizdə deyib ki, mənə akademiya lazım deyil. Mən də onu başa salmışam ki, sən klubda bir iz qoymalısan. İz də aşağıdan yuxarıya doğru gəlir. Aşağı yaş qruplarının oyununa da baxmaq lazımdır. Əsas şərtlərdən biri budur. Əgər bir legioner məşqçi klubda futbol fəlsəfəsini dəyişir, yaxud da təkmilləşdirirsə, çox gözəldir. Amma bu, bizim klublarda olmur. Deyirlər, Avropada da belə şeylər yoxdur. Amma mən oxumuşam ki, Xosep Qvardiola “Mançester Siti”nin ikinci komandasının da oyununa baxır, ingilis oyunçular seçir. Amma bizdə elə məşqçilər var ki, heç əvəzedici heyətin oyununa baxmır. Bəs əvəzedici heyət nə üçündür? Oradan da yaxşı futbolçular çıxır”.

 

Mircavadov “Neftçi”nin son turda “Qarabağ”a ağır məğlubiyyətini xatırladaraq komandada stabil oyunun olmadığını bildirib: “Komandada ilk növbədə oyun olmalıdır. “Qarabağ”la “Neftçi”nin oyununa baxdıq. “Qarabağ”da nə qədər yorğunluq olsa da, komanda ardıcıl xal itkiləri ilə üzləşsə də, “Neftçi” ilə görüşdə heç bir problem yaşamadılar. Hamımız gördük ki, öz oyunlarını oynadılar. Özü də “Neftçi”ni çox asanlıqla uddular. Əziyyət də çəkmədilər. Çünki “Neftçi” çox zəif idi. Hətta “Qarabağ”ın bəzi oyunçuları tam gücünü ortaya qoymurdu. Görürdülər ki, asanlıqla qol vurmaq olur. Ona görə də komandada birinci növbədə oyun olmalıdır. “Neftçi”də isə stabil oyun yoxdur”. 

 

“Neftçi”nin Müşahidə Şurasında sədr dəyişikliyinə münasibət bildirən təcrübəli mütəxəssis yeni rəhbərliyin böyük islahatlar aparmalı olduğunu qeyd edib: “İndi yeni Müşahidə Şurası gəlib. Söz sahibləri onlardır. “Neftçi”də dərindən islahatlar lazımdır. Həm legioner futbolçu, həm oyun, həm məşqçi sarıdan problemlər var. Ümumiyyətlə, problemlər həddinən artıq çoxdur və hər biri zəncirvari əlaqəlidir. Yəqin ki, yeni gələn rəhbərlik bunların üzərində işləyəcək. Klubda nələr dəyişdirilməlidir, kimlər göndərilməlidir? Özləri bunu məndən yaxşı bilirlər”.


Digər xəbərlər

Xəbər xətti