"Qarabağ" həmişə qarşısına ən yüksək məqsədləri qoyur"

11:20 13 Dekabr 2022

Altı aydan bir qədər çox burada olmağıma baxmayaraq, sanki daha uzun müddətdir ki, “Qarabağ”da çıxış edirəm. Özümü kollektivə, insanlara, ölkəyə tam uyğunlaşmış hiss edirəm. İstənilən halda hər bir futbolçu yeni komandaya, ölkəyə yollandıqda uyğunlaşmasına zaman lazım olur. Komanda yoldaşlarını, ölkəni tanımaq vaxt alır. Amma mən bu prosesi çoxdan geridə qoymuşam.

 

Sportarena.az xəbər verir ki, bunu Marko Yankoviç "Report"a müsahibəsində deyib. Müsahibənin davamı isə belədi:

 

- “Qarabağ”a transfer tarixçəniz maraqlıdır. Təklif gələndə Azərbaycan və ölkə futbolu barədə nələr bilirdiniz?

- “Qarabağ” haqda kifayət qədər məlumatım var idi. Ümumiyyətlə, Avropa futbolunu yaxından izləyən oyunçuyam. Monteneqro millisi də bir araya gəldiyi zaman futbolçular hər mövzudan söhbət edirlər. Məndən əvvəl Marko Veşoviç “Qarabağ”da idi. O da klub, yerli çempionat barədə danışırdı. Buna görə də bura gəldiyim zaman təəccüblü bir şeylə qarşılaşmadım. Çünki öncədən çox şeydən xəbərdar idim, ümumi mənzərə haqda təsəvvürüm var idi. Həm özüm bu transferdə maraqlı idim, həm də Veşoviçin dedikləri fikrimi qətiləşdirdi.

 

- Azərbaycan futbolu ilə bağlı diqqətinizi çəkən əsas çatışmazlıq kimi nəyi vurğulaya bilərsiniz?

- Mənə elə gəlir ki, çatışmayan yeganə cəhət Azərbaycan çempionatının oyunlarında azarkeşlərin az olmasıdır. Futbol azarkeşsiz heç nədir. Xüsusən də, yerli çempionatda “Qarabağ”ın matçlarına daha çox azarkeşin gəlməsini istərdim. Çünki “Qarabağ” həm ümumi klub olaraq, həm də rəhbərlik, məşqçi və futbolçu səviyyəsində ölkədə futbolun populyarlaşması üçün çox iş görür. Stadionda daha çox azarkeş görmək xoş olardı.

 

- Serbiya, Yunanıstan, Sloveniya, İtaliya və İsrail kimi ölkələrdə çıxış etmisiniz. Azərbaycan futbolunu həmin ölkələrdən fərqləndirən nədir?

- Bəli, adlarını sadaladığınız ölkələrdə oynamışam. Müqayisə aparmaq bir az çətindir. Çünki hər bir klubun, ölkənin özünəməxsus özəllikləri var. Təbii ki, hər birinin mənfi və müsbət tərəfləri də mövcuddur. Amma hər şeyə pozitiv yanaşmağa çalışıram. Həm mənfi, həm də müsbət amillər mənim xarakter, şəxsiyyət olaraq formalaşmağımda rol oynayır. Bütün bunlardan müsbət cəhətləri götürərək, karyeramı doğru tərəfə yönəltməyə çalışıram.

 

- Bakıda gündəlik həyatınız necə keçir?

- Vaxtımızın çoxunu klubun bazasında keçiririk, məşq edirik. Gündəlik proqramımız əsasən bunlardan ibarətdir. Boş vaxtlarımda istirahət edirəm, ailəmlə birgə vaxt keçirirəm. Maraq dairəmdə olan xüsusi bir şey yoxdur.

 

- “Qarabağ” bu mövsüm daxili yarışlarda hələ məğlubiyyət üzü görməyib və UEFA Konfrans Liqasında pley-offa qədər irəliləyib. Bu dərəcədə uğurlu start gözləyirdiniz?

- “Qarabağ”a gəlməyimin əsas səbəblərindən biri də budur. Bilirəm ki, bu komanda daxili yarışlarda həmişə qarşısına ən yüksək məqsədləri qoyur. Ölkə çempionatını və kubokunu qazanmağı hədəfləyir, avrokuboklarda müntəzəm iştirak edir və orada da yaxşı nəticələr əldə edir. Çempionatda hələ məğlub olmamışıq, cəmi iki heç-heçəmiz var. Futbolda belə hallar normaldır. Gələcəkdə məğlub da ola bilərik. Əsas odur ki, məqsədimiz dəyişməzdir, qarşımıza həmişə ən yüksək hədəfləri qoyuruq. Mənim də arzum məhz “Qarabağ” kimi bir klubda oynamaq idi.

 

- Premyer Liqanın 10 oyununda meydana çıxmısınız, onun da 6-da start heyətində yer almısınız. Müntəzəm oynamamağınız sırf avrokuboklarda iştirakla bağlıdır, yoxsa əsl Yankoviçi hələ görə bilməmişik?

- Bu mövsüm avrokubok matçlarının 90-95 faizində iştirak etmişəm. Düşünürəm ki, əsas səbəb budur. Avrokuboklarda müntəzəm heyətdə yer aldığım üçün daxili yarışlarda çox oynamadım. İstənilən halda bu sual baş məşqçiyə verilsə, daha yaxşı olar. Çünki kimin oynayacağına o qərar verir. Hər məşqdə, oyunda yüz faiz gücümü ortaya qoymağa çalışıram. Məncə, bütün futbolçular belə edirlər. İnkişaf etmək istəyən hər bir oyunçu məşqlərdə, oyunlarda əlindən gələni etməli, maksimum gücünü göstərməlidir. Komandasını zirvələrdə görmək istəyən istənilən futbolçu bu cür yanaşmalıdır. Bəzən yaxşı, bəzən çox yaxşı, bəzən isə pis oynaya bilərəm. Ancaq yenə də hər növbəti görüşdə ən yaxşısını eləməyə çalışıram.

 

- UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika təmsilçisi “Gent” önündə şanslarınızı necə görürsünüz?

- Düzdür, “Gent”lə oyunlara hələ çox vaxt var. Amma qeyd eləməliyəm ki, qarşımızda çox ciddi rəqib, yaxşı komanda var. Biz də həmin matçlara yaxşı hazırlaşacağıq, onlara layiqli müqavimət göstərməyə çalışacağıq.

 

- Komandanızın potensialı bu turnirdə hara qədər irəliləməyə imkan verir?

- Qarşımızda hələ “Gent” kimi güclü rəqib var. Əvvəlcə Belçika klubu ilə matçları düşünməliyik. Addım-addım irəliləmək, hədəfə doğru getmək istəyirik. Pley-off sistemində yaxşı oyun sərgiləsən belə, xırda bir səhv səni yarışdan kənarda qoya bilər. Buna görə də hər dəfə qarşımızdakı ilk matça baxmalıyıq.

 

- Qətərdə keçirilən dünya çempionatı artıq finişə yaxınlaşır. Oyunlar və nəticələr ürəyinizcədir?

- Çox maraqlı dünya çempionatı izləyirik. Çünki çoxlarını təəccübləndirən hesablar qeydə alınır. Futbolda hər cür nəticəyə hazır olmaq lazımdır. Bu mundialda da qələbə gözlədiyimiz komandalar məğlubiyyətə uğrayır, zəif hesab olunanlar qalib gəlir. Məsələn, Mərakeş yığması hamını təəccübləndirir. Argentina, Fransa və Xorvatiyanın yarımfinala çıxması öncədən gözlənilirdisə, Mərakeşin orada olması sürprizdir. Onlar yaxşı oynamaqla yanaşı, dünya çempionatına yeni nəfəs gətiriblər.

 

- Favoritiniz hansı komandadır?

- Lionel Messinin oyununun pərəstişkarı olduğum, onu şəxsiyyət kimi bəyəndiyim üçün dünya çempionatında Argentina millisinə azarkeşlik edirəm. Onlar bu titulu qazana bilərlər. Bizə qonşu ölkə olan Xorvatiyaya da uğurlar arzulayıram. Bu komandanın da uğuruna sevinərəm. Deyim ki, dünya çempionatını xüsusi gərginliklə izləmirəm. Oyunlara rahat baxıb, zövq almağa çalışıram. Ümid edirəm ki, Messinin lideri olduğu Argentina kuboku götürəcək. Əgər onlar yarımfinalda uduzsalar, Xorvatiyanın çempionluğunu arzulayacağam. Yarımfinalda Mərakeşlə qarşılaşacaq Fransa da çox güclüdür. Onlar son dünya çempionudurlar, yenidən titulu qazanmaq imkanları var. Mərakeş isə azarkeşləri təəccübləndirməkdə davam edə bilər. Onlardan hər şey gözləmək olar.


Digər xəbərlər

Xəbər xətti