“Vüqar Həşimov Memorialı” beynəlxalq təqvimdə ən güclü turnirlərdən biridir və xüsusi çəkiyə malikdir. Bu il keçiriləcək yarışa 7 ölkədən elit şahmatçılar qatılacaqlar”.
Sportarena.az xəbər verir ki, bunu “Vüqar Həşimov Memorialı-2022″də iştirak edəcək gənclər arasında dünya çempionu Abdulla Qədimbəyli turnirin mətbuat xidmətinə açıqlamasında deyib.
20 yaşlı qrossmeyster rəqiblərin yetərincə güclü olduğunu bildirib:
“Mükafatçılar sırasında yer almaq üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. Ancaq əmsal baxımından şansımı çox böyük qiymətləndirmirəm. Düşünürəm ki, istədiyim kimi oynasam, uğurlu nəticə qazana bilərəm”.
Qədimbəyli yarışın təşkilinin yeni nəsil şahmatçıların yetişməsinə böyük təkan verdiyini söyləyib. O, Azərbaycanın ilk Avropa çempionluğunda Vüqar Həşimovun vacib qələbəsinin hər bir kəsin yaddaşında xoş iz buraxdığını sözlərinə əlavə edib.
“Vüqar Həşimov Memorialı-2022″də 7 ölkə – Azərbaycan, ABŞ, Çin, Hindistan, Özbəkistan, Rumıniya və İspaniyadan 10 şahmatçı iştirak edəcək.
Qeyd edək ki, turnir rapid və blits üzrə təşkil olunacaq. Yarış 17- 24 dekabrda baş tutacaq.