Azərbaycan Taekvondo Federasiyasında (ATF) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda parataekvondo üzrə Qran-pri yarışlarının final mərhələsində 2 qızıl medal qazanan milli komanda ilə görüş keçirilib.
Sportarena.az xəbər verir ki, görüşdə qurumun vitse-prezidenti Nağı Səfərov, baş katib Həmdiyyə Məmmədov, İdarə Heyətinin üzvü Vüqar Məmmədov, Nəzarət-Təftiş Komitəsinin sədri Bəxtiyar Mirzəliyev, yığmanın baş məşqçisi Fərid Tağızadə və komanda üzvləri iştirak ediblər.
N.Səfərov ili uğurla başa vuran parataekvondoçuları təbrik edib. O bildirib ki, komanda hazırda yaxşı formadadır və bu, növbəti qələbələrin bir-birini əvəzləyəcəyinə böyük inam yaradır.
V.Məmmədov seçilib dəvət edilən parataekvondoçular arasında bu nəticəni göstərməyi böyük uğur adlandırıb. O qeyd edib ki, qızıl medallar Paris-2024 Yay Paralimpiya Oyunlarında da Azərbaycan himninin səslənəcəyindən xəbər verir.
Baş məşqçi F.Tağızadə komandanın hazırkı durumundan danışıb və hər bir yetirməsinə böyük ümid bəslədiyini deyib. O, səhvlər üzərində daha çox çalışacaqlarını, qatılacaqları yarışlarda inamlı çıxış edəcəklərini vurğulayıb.
B.Mirzəliyev Qran-prinin final mərhələsində əldə olunan medalları çəkilən əziyyətin bəhrəsi kimi dəyərləndirib.
Qızıl medalları qazanan Sabir Zeynalov (58 kq, K-44) və İmaməddin Xəlilov (70 kq, K-44) isə döyüşlərindən danışıblar. Onlar bunun davamlı olması üçün daha səylə məşq edəcəklərini söyləyiblər.