Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatlarındakı oyun sayı baxımından Almaniya yığmasının sabiq futbolçusu Lotar Matteusa çatıb.
Sportarena.az xəbər verir ki, 35 yaşlı hücumçu buna Qətərdə keçirilən mundialda Xorvatiya ilə yarımfinal matçında meydana çıxmaqla nail olub.
Start heyətində yer alan forvard dünya çempionatlarında sayca 25-ci görüşün iştirakçısı olub ki, bu da onu rekordçu ilə eyni sıraya yüksəldib.
Həmçinin 35 yaşlı forvard Xorvatiya qarşısında fərqlənərəq Argentinanın dünya çempionatlarında ən çox qol vuran oyunçusu olmağı bacarıb.
Dünya çempionatlarında 11-ci qolunu vuran təcrübəli hücumçu bu göstərici ilə yığmanın sabiq üzvü Qabriel Batistutanı (10) geridə qoyub.
Xorvatiya seçməsinin kapitanı Luka Modriç isə oyuna start heyətində başlamaqla, 37 yaşından sonra ardıcıl 6-cı dəfə meydana ilk "11-lik"də çıxan 4-cü futbolçu kimi tarixə düşüb.
Daha əvvəl braziliyalı Nilton Santos, italiyalı Dino Zoff və ingiltərəli Piter Şilton bunu bacarıb.
Qeyd edək ki, Argentina Xorvatiyanı 3:0 hesabı ilə məğlub edərək finala yüksəlib.