"Vüqar Həşimov Memorialı-2022"də çıxış etmək qürurvericidir".
Sportarena.az xəbər verir ki, bunu yeniyetmələr arasında dünya və ikiqat Avropa çempionu, "Aeroflot Open 2020" turnirinin qalibi Aydın Süleymanlı yarışın mətbuat xidmətinə açıqlamasında deyib.
O, memorialda elit şahmatçıların mübarizə aparacağını bildirib: "Bu, indiyədək iştirak edəcəyim ən böyük və qapalı turnirdir. Dünya səviyyəli qrossmeysterlərin mübarizə apardığı bu yarışda oynamaq mənim üçün o qədər də asan deyil. Əsas məqsəd gözəl oyun nümayiş etdirmək və özümü yaxşı tərəfdən göstərməkdir. Oynadığım hər saniyədən zövq almaq istəyirəm”.
Qeyd edək ki, A.Süleymanlı 2021-ci ildə “Vüqar Həşimov” klubunun heyətində klublararası Avropa kubokunda bürünc medala sahib çıxıb. Qrossmeyster 2019-cu ildə milli komandanın heyətində Türkiyənın Çorum şəhərində 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadasının qalibi olub.
"Vüqar Həşimov Memorialı-2022"də 7 ölkə - Azərbaycan, ABŞ, Çin, Hindistan, Özbəkistan, Rumıniya və İspaniyadan 10 şahmatçı iştirak edəcək.
Turnir rapid və blits üzrə təşkil olunacaq. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə 17 - 24 dekabrda “Fairmont Baku” hotelində baş tutacaq.