"Qarabağ"ı asanlıqla tərk etmək fikrində deyiləm" - Qurban Qurbanov

21:16 16 Dekabr 2022

Komanda.az saytının keçirdiyi sorğuda ilin məşqçisi seçilən "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov mükafatlandırma mərasimi keçirilib.

 

Sportarena.az xəbər verir ki, məşqçi mərasimdən sonra jurnalistlərin suallarını cavablandırıb.

 

- Öncə ilin məşqçisi seçilməyinizlə bağlı təəssüratlarınızı bilmək maraqlı olardı...

- Çox xoş oldu. Jurnalistlərə verdikləri dəyərə görə təşəkkürümü bildirirəm. Tədbir ildən-ilə daha maraqlı və geniş tərkibdə keçir.

 

- İdman mediasının bu il üçün fəaliyyətini necə qiymətləndirirsiniz?

- Bu il də onlar üçün ən ağır dönəmlərdən biri oldu. Avrokuboklardakı matçlarımız çox gərgin və baxımlı keçdi. 2022-ci il Azərbaycan futboluna ən çox marağın olduğu il kimi yadda qaldı. UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindən etibarən gərgin və maraqlı oyunlar bir-birini əvəzlədi. Ölkə futbolunun sevilməsi, gələcək inkişafı üçün çox böyük il oldu. Oyunlardan öncə bizim kimi sizlər də həyəcanlı idiniz. Gözləyirdiniz ki, görəsən, nəticə necə olacaq. Bizim yaşadığımız hissləri sizlərdə gördüm. Buna görə hər birinizə təşəkkür edirəm. Böyük futbolun dadını, dəyərini bu il daha çox hiss etdik. Son dəqiqələrədək bizlərlə olduğunuz üçün hər birinizə minnətdaram.

 

- İl başa çatmaq üzrədir. 2022-ci ildə təəssüfləndiyiniz məqam hansı oldu?

- Bəlkə də indi deməyim düzgün çıxmaz. Təəssüfləndiyim an yerində və zamanında, oyunlardakı bəzi epizodlarda olur. Bu gün əldə etdiklərimizə görə şükür edirəm. Düşünə bilərik ki, daha yaxşı nəticə əldə edə, daha yaxşı turnirlərdə mübarizə apara bilərdik. Amma mən istənilən halda futbolçularımdan razı qaldım. Ona görə bu gün təəssüflənməyim düzgün çıxmaz.

 

- Qarşıdakı hədəflərlə bağlı azarkeşlərinizə nə vəd edərdiniz?

- Mənim onlara vəd verməyimə ehtiyac yoxdur. Çünki biz bir-birimizə inanırıq. Onlar mənim "Qarabağ"a necə sadiq olduğumu bilirlər. Nə qədər ki buradayam, məsuliyyətlə, istəklə, sevgi ilə bütün gücümü bu komandaya sərf edəcəyəm.

 

- "Qarabağ"a sadiq olduğunuzu bildirdiniz. Belə bir ehtimal varmı ki, nə vaxtsa sizdən əcnəbi klubun baş məşqçisi kimi müsahibə alaq?

- Hazırda məndə belə bir ehtimal yoxdur. Çox istərdim ki, sonadək "Qarabağ"a sadiq qalım. Bəlkə də daha məsuliyyətli olmağım bu komandaya gələndən sonra olub. "Qarabağ"ı asanlıqla tərk etmək fikrində deyiləm. Əlbəttə, həyatdır. Hər şey ola bilər. Gələcəkdə hansısa böyük kluba getsəm belə, "Qarabağ"ı hər zaman üstün tutacağam.

 

- Baş məşqçi 17 oyuna 11 qol vuran futbolçunu az oynadırsa, siz oyunçunun yerində olsaydınız, həmin mütəxəssisə nə deyərdiniz?

- Onun oğlu olsaydım, heç nə deməzdim (gülür).

 

- "Qarabağ"ın prezidenti Tahir Gözəl komandanın UEFA Konfrans Liqasının qalibi olmasını istəyir. Siz nə düşünürsünüz?

- Bu, hamımızın arzusu və istəyidir. Bəzən istədiyimiz hər şeyi əldə edə bilmirik. Bu, Tahir Gözəlin komandaya olan inamından irəli gəlir. Biz də çox irəli getməyi istərdik. Böyük titullar ölkə futbolunun inkişafına ciddi təkan verir. Bunun üçün çalışacağıq.


Digər xəbərlər

Xəbər xətti