"Hər oyundan sonra məni göndərirlər, yerimə baş məşqçi gətirirlər" - Mahmud Qurbanov

22:28 19 Dekabr 2022

“Səbail”in baş məşqçisi Mahmud Qurbanov Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Sabah”a qarşı keçirdikləri cavab oyununu (1:0, ilk oyun 3:2) şərh edib.

 

Sportarena.az xəbər verir ki, o, matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

 

“Kubok matçları həmişə fərqli olur. Bu gün də bunun şahidi olduq. Komandamız çempionatdan fərqli olaraq, kubokda yaxşı təsir bağışlayır. Bu turnirdə keçirdiyimiz üç matçın hamısında qalib gəlmişik. Bu gün “Sabah” kimi bir komandanı mübarizədən kənarlaşdırdıq. Uşaqlara təşəkkür etmək istəyirəm. Əllərindən gələni etdilər. Oyunun mahiyyətini başa düşürdülər. Belə də davam etmək lazımdır. İstəyirik ki, çempionat matçlarında da qələbələrimiz çox olsun. Bunun üçün də çalışacağıq.

Əvəzetməyə ehtiyac görmədim. Uşaqlar nələri var idisə, meydanda ortaya qoydular. Cabir Əmirlinin bir az ağrıları var idi, amma axıra kimi dözdü. Rahid Əmirquliyevlə Emil Martinov da yorulmuşdu. Amma onları dəyişməyə ehtiyac duymadım.

Hər oyundan sonra məni göndərirlər, yerimə baş məşqçi gətirirlər. Səbəbi həmin adamların özlərindən soruşmaq lazımdır. Bəzən mənə elə gəlir ki, kənardan bəzi şəxslər “Səbail”ə daha çox can yandırırlar, nəinki biz. Çox cənfəşanlıq edirlər. Komandada olan bəzi şeyləri çox şişirtməyə çalışırlar. Amma biz futbolçularımıza inanırıq, hamısının arxasındayıq. Onlara güvənimiz çoxdur. Futbolçular da, biz də istəyirik ki, yaxşı yerlərdə olaq. Mətbuatı mən də oxuyuram. Özüm də özümə sual verirəm ki, niyə bizim komandada belə şey var? Yəni mən belə şeylər etmişəm? Bu, həmişə olacaq. Bəzi insanlar çox narahatdır. Narahatlığa da davam etsinlər. Biz öz işimizi görəcəyik. Komandada nizam-intizam hamı üçün eynidir. Bizim üçün yerli və ya legioner oyunçunun fərqi yoxdur”.


Digər xəbərlər

Xəbər xətti