"15 yaşlı uşağın telefonundan azan səsi gəlmişdi, onu 50 manat cərimələmişdi" - Əfran İsmayılov

00:13 20 Dekabr 2022

“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədovla futbolçusu Əfran İsmayılov arasında yaşananlar son günlərin gündəm mövzusudur.

 

Təcrübəli futbolçu baş məşqçinin paltardəyişmə otağındakı iradları ilə razılaşmayıb ona haqlı iradlarını bildirmiş, nəticədə Əhmədov rəhbərliklə söhbətdə Əfrana ehtiyac duymadığını bildirmişdi.

 

Sportarena.az xəbər verir ki, "Sportinfo" olanlarla bağlı məlumatı bir başa Əfran İsmayılovun özündən öyrənib.

 

 

- İlqar Nadiri ilə görüşməliydin...

- Bəli, görüşümüz oldu. İlqar müəllimlə qarşılıqlı hörmətimiz var. Söhbət etdik, bir-birimizi lazımınca başa düşdük. Özü də bildirdi ki, söhbətdən xəbərdardır. İlqar müəllimin Tərlan Əhmədovun futbolçulardan pul yığmasından xəbəri yox imiş, xəbər tutan kimi onunla danışıb, o da söz verib ki, bir daha elə şey olmayacaq.

 

- Pulu kim(lər)dən yığırdı ki?

- Əslində, hər klubda olduğu kimi, “Kəpəz”də də intizam kodeksi var. Qaydalara əməl etməyənlərə pul cəriməsi kəsilir. Həmin cərimələr maaşda tutulur və klubun büdcəsinə daxil olur, yaxud ümumi planda nəyəsə xərclənir. Hər yerdə belə görmüşəm. Amma bu adam özündən yeni metod yaradıb.

 

- Nə metodudur elə?

- Kodeksdən kənar pullar yığır. Birindən 20 manat, o birindən 50 manat. Axırda komandaya 200-300 manatlıq qonaqlıq verir, qalanını qatlayıb qoyur cibinə.

 

- Bəs, futbolçular bunu görmür? Pulu nə deyib yığır?

- Baş məşqçidir, deyir, cərimələyirəm. Kimdəsə nəsə görən kimi cərimə kəsir. Məsələn, 15 yaşlı uşağın telefonundan azan səsi gəlmişdi, onu 50 manat cərimələmişdi. Kimsə iclasa 30 saniyə gecikirsə, 100 manat cərimə yazır. Lazımsız və qəribə yanaşması var.

 

- İlqar Nadiri indiyə qədər bilmirdi bunu?

- İlqar müəllimin xəbəri yox idi. Özü də çaşıb qalıb ki, bu, necə rahatlıqla belə hərəkət edirmiş. Lap tutaq ki, pulları kodesk adı ilə yığır. Bəs, hara gedir o pullar? Niyə klub rəhbərinə təqdim etmir ki, büdcəyə əlavə olunsun? Təsəvvür edin, futbolçulardan cərimə pulu yığır, amma heç kim bilmir o pullar hara gedir.

 

- Nadiri klubdakı gələcək aqibətinlə bağlı nə dedi?

- Dedi, sənin üçün ən yaxşısını etməyə çalışacağıq. Öz fikrimi də soruşdu, açığı.

 

- Nə dedin?

- Əsas komandaya qayıtsam, onunla yenə problem yaşayacağam. Onun tipini yaxşı bilirəm. Dizimə görə əvəzedici komandanın heyətində Birinci Divizionda da oynamaq çətindir. Çünki oradakı stadionların çoxu süni örtüklüdür, həm də yararsız vəziyyətdədir. “Kəpəz-2” də məşq edərəm, örtüyü yaxşı olan stadionlarda oynayaram. Elə stadionlar var ki, adı “sintetika”dır, özü beton. Məsələn, Şamaxı stadionunda könül rahatlığı ilə oynayaram. Bunları bildirdim. O da sağ olsun, anlayışla qarşıladı. Özü də idmançı olub, idmançını çox yaxşı başa düşür.

 

- Yəni qışdan sonra əvəzedici komandada oynamağa razısan.

- Klubla müqaviləm var. Oradan maaş alıram. Əsas komandada qalmıramsa, məcburən əvəzedici komandaya kömək etməliyəm. Bu, hər yerdə belədir. Futbolçu kimi üzərimə düşən işi görməliyəm ki, klub da şərtləri yerinə yetirsin.

 

- Tərlan Əhmədov sizi kənarlaşdırmaq istəyir ki, sizin aldığınız maaşla başqa futbolçuları cəlb etsin.

- Bilirəm, yaxşı bilirəm. Özünə də demişdim ki, sənin niyyətini bilirəm, amma onu görməyəcəksən. Onun mənə və bizə qarşı etdiyi hörmətsizlikdir. Bunun başqa adı yoxdur. Kimisə komandadan göndərmək istəyəndə belə, bunu normal qaydada edirlər, bu cür bəhanələrlə yox. Sözü var idi, gələrdi normal söhbət edərdik, bəlkə bir yol tapardıq.

 

- Baş məşqçinin sizi komandadan kənarlaşdırmasının arxasında nə dayanır?

- Rahat hərəkət edib istədiyini həyata keçirmək, pul yığmaq üçün komandada bizim kimi futbolçular olmamalıdır. Təcrübəli futbolçuların yanında bunu etmək olmur. Çünki onun kim olduğunu biz yaxşı bilirik. Yaxşı bilirdi ki, mən Tural Axundova pul verən deyiləm. Tural məndən heç vaxt pul ala bilməz.

 

- Ancaq gəncləri cərimələyirdi, yoxsa legionerləri də?

- Legionerləri də edirdi, ən çox onlardan alırdı. 50 manat, 100 manat. Onlar da bilmirdi nə məsələdir.

 

 

- “Sabah”la oyundan sonra təcrübəliləri komandadan kənarlaşdırmasının əsas səbəbi kimi gələcəkdə gəncəli gənclərə şans verməsi ilə əlaqələndirmişdi. Həqiqətən belədir?

- Boş söhbətdir. Hansı gəncəlini oynadır, ya da oynatmaq istəyir? Oynadan adam Əli Səmədovu oynadardı, ya da Tural Rzayevi. Birini əvəzediciyə göndərib, o biri ehtiyatda qalır. Hər ikisi istedadlıdır, Gəncənin sevilən futbolçularıdır. Boş-boş danışıb özünə xal yığır. İndi əlində futbolçu yoxdur deyə, Ruslan Süleymanova şans verir. Sabah legioner gətirsin, görüm, Ruslana şans verəcək, ya yox. İndi gənclərin adını ortaya atmaqla öz aləmində Gəncədə xal yığır, hörmət qazanır. Bu variant köhlənib e, qardaş. Hansı komandada nəticə yoxdursa, 2-3 cavanı atırlar ortaya ki, gəncləşdirmə siyasəti gedir, gənclərə şans verilir guya. Bəzi məşqçilərin taktikasıdır.


Digər xəbərlər

Xəbər xətti