"Baş məşqçilik karyeramı bərpa edə bilərəm" - Fatih Terim

12:02 21 Dekabr 2022

"Baş məşqçilik karyeramı bərpa edə bilərəm".

 

Sportarena.az xəbər verir ki, bunu Türkiyə millisinin və "Qalatasaray"ın sabiq baş məşqçisi Fatih Terim italiyalı məşhur jurnalist Canluka Di Marzionun saytına müsahibəsində deyib.

 

69 yaşlı mütəxəssis yaxşı təklif və layihə ilə işləməyə hazır olduğunu bildirib:

"Digər şeylər məni maraqlandırmır".

 

Təcrübəli baş məşqçi argentinalı Lionel Messini dünya futbolunda bir nömrəli oyunçu hesab etdiyini söyləyib:

"Dieqo Maradona böyük futbolçu idi. Ronaldo da çox güclüdür, amma mən Messini bəyənirəm. O, istəsə, meydanda hər şeyi edə bilər".

 

Fatih Terim Türkiyədə fəaliyyət göstərən italiyalı həmkarlarından da söz açıb:

"Ən yaxşı işi Vinçentso Montella ortaya qoyub. O, buna davam edəcək. Andrea Pirlo və Françesko Fariolini də bəyənirəm".

 

Mütəxəssis hazırda İtaliya A Seriyasında "Napoli"yə azarkeşlik etdiyini vurğulayıb:

"Baş məşqçi Luçano Spaletti mənim dostumdur. Ona böyük hörmətim var. Komandası bu il çox güclüdür. Florensiya mənim ikinci evimdir, "Milan"da da işləmişəm. Amma "Napoli"yə azarkeşlik edirəm. İtaliyanın üç komandası UEFA Çempionlar Liqasında yoluna davam edir. Ümid edirəm ki, hansısa İstanbuldakı finala gələr. Bunun "Napoli" olmasını istəyirəm".

 

Qeyd edək ki, Fatih Terim 1996-2000, 2002-2004, 2011-2013 və 2017-2021-ci illərdə "Qalatasaray"da, 1993-1996, 2005-2009 və 2013-2017-ci illərdə Türkiyə millisində işləyib.


Digər xəbərlər

Xəbər xətti