“Qarabağ”la kubok oyunları bizim üçün həlledici oldu”.
Sportarena.az xəbər verir ki, bunu “Qəbələ”nin braziliyalı futbolçusu Felipe Santos ölkəsinin “portalfutebolnews.com.br” saytına açıqlamasında deyib.
25 yaşlı yarımmüdafiəçi Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Qarabağ”ı üstələməklə (2:2, 1:0) titul qazanmaq şansını artırdıqlarını bildirib. Santos hədəflərinin kuboku başları üzərinə qaldırmaq olduğunu vurğulayıb:
“Bunun üçün cəmi 3 oyunu yüksək səviyyədə keçirmək kifayət edər. Eyni zamanda, kuboku qazanmaqla avrokuboklara vəsiqəni də rəsmiləşdirə bilərik”.
2021/2022 mövsümünü “Şamaxı”da keçirən hücumameyilli oyunçu cari mövsüm formasını geyindiyi “Qəbələ”də daha uğurlu olduğunu söyləyib:
“Qəbələ”yə uyğunlaşma dönəmim “Şamaxı”ya adaptasiya prosesindən daha rahat keçdi. Buna görə də, meydandakı performansım indi daha yaxşıdır”.
Qeyd edək ki, Felipe Santos bu mövsüm “Qəbələ”nin heyətində keçirdiyi 22 oyunda 3 qol vurub, 8 məhsuldar ötürmə verib.