“Lipa”lara görə futboldan uzaqlaşmaq qərarına gəldim” - Millimizin sabiq üzvü

12:34 23 Dekabr 2022

“Uşaq vaxtı futbol məşqlərinə gedirdim. Lakin “lipa”lara (süni yaşazaltma) görə futboldan uzaqlaşmaq qərarına gəldim. Sanki iyrəndirmişdilər”.

 

Sportaren.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin sabiq futzalçısı Vitali Borisov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə müsahibəsində deyib.

 

“Korifeylərimiz” rubrikasının qonağı olan Borisov baş verənlərə görə bir müddət futboldan uzaqlaşdığını bildirib:

“Təsəvvür edin, 14 yaşın var və meydana çıxanda görürsən ki, rəqibin heyətində sənəd üzərində sənin yaşıdın olan, amma bığlı-saqqallı kişilər yer alıb. Ən azı 3-4 yaş “lipa”larla qarşılaşmalı olurdun. Əlbəttə, fiziki baxımdan həmin yaşda onlarla mübarizə aparmaq mümkün deyildi. Sizə 1996-97-ci illərdən danışıram. Baxdım ki, vəziyyət düzələnə oxşamır, hansı yarışa gedirsən, turnirə qatılırsan, eyni mənzərədir. Buna görə də futboldan ayrıldım və dərslərimə diqqəti artırdım, ali təhsil almağı qətiləşdirdim”.

 

V.Borisov daha sonra futzala keçməsinin səbəbini də açıqlayıb:

“Universitetə qəbul olana qədər məhəlləmizdə yaşıdlarımız komanda yaratmışdı və məni də ora dəvət etmişdilər. Həvəskarlar Liqasında başımızı qatırdıq. Orada oynaya-oynaya müdafiəçi Xəyyam Bəkirovla tanış oldum. O, həm də “Metropoliten”in məşqçisi idi. Onun vasitəsilə həmin komandaya keçdim. Bu kollektiv də Həvəskarlar Liqasında və müxtəlif turnirlərdə iştirak edirdi. Komanda yoldaşlarımdan Zaur Ramazanov, Baba Əsgərov (Babaş), Məmmədqulu Zeynalovun (Mamed) adını çəkə bilərəm ki, futzala gəlişim də onların sayəsində oldu. Babaşla Mamed sanki məni darta-darta futzala – “Anqlo Oil”ə apardılar. Baş məşqçi Elçin Rəhimov idi, oyunumu bəyəndi, qaldım və müqavilə imzaladım. Daha sonra komandanın adı dəyişdi, “Tribut” oldu. Ondan sonra futzalçı oldum”.


Digər xəbərlər

Xəbər xətti