Azərbaycan Cüdo Federasiyası (ACF) İcraiyyə Komitəsinin 2022-ci ilin avqust ayında təsdiq etdiyi “İdman təşkilatlarının lisenziyalaşdırılması üzrə qaydalar”a uyğun olaraq ölkədə fəaliyyət göstərən idman klubları, cəmiyyətləri və təşkilatlarının lisenziyalaşdırılması prosesinə start verilib.
Sportarena.az xəbər verir ki, ilkin mərhələdə qayadalara əsasən tələb edilən sənədlər paketini tam şəkildə təqdim edən və qaydalarda müəyyən edilən meyarlara uyğun olan 21 idman təşkilatına ACF-in lisenziyalaşdırma üzrə orqanının qərarına əsasən 5 (beş) il müddətinə müvafiq lisenziya verilib.
Bu münasibətlə 26 dekabr 2022-ci ildə keçirilən tədbirdə ACF-in baş katibi Rəşad Rəsullu idman təşkilatlarına müvafiq lisenziyaları təqdim edib. Lisenziya əldə edən idman təşkilatlarını təbrik edən Rəsullu bildirib ki, klubların və cəmiyyətlərin lisenziyalaşdırılmasının əsas məqsədi Azərbaycanda cüdonun Azərbaycanda cüdonun bütün aspektlərinin stimullaşdırılması, daha da təkmilləşdirilməsi ilə yanaşı, idman təşkilatlarının idarəetmə səviyyəsinin inkişaf etdirilməsi və resurslardan effektiv istifadənin təmin edilməsidir.
Rəsullu qeyd edib ki, hazırda 40-a yaxın idman təşkilatının təqdim etdiyi sənədlər baxılma mərhələsindədir və lisenziyalaşdırma üzrə orqanın növbəti ay keçiriləcək iclasında müvafiq qərarlar veriləcək: “Lisenziya verilmiş və Federasiya tərəfindən tanınan klubların və cəmiyyətlərin siyahısı ilə Federasiyanın saytında tanış olmaq mümkündür. Biz valideynlərə seçim edərkən bu siyahı ilə tanış olmağı və Federasiyanın lisenziya verərək tanıdığı klubları seçməyi tövsiyə edirik”.
Görüş zamanı bildirilib ki, lisezniya verilmiş idman təşkilatlarının fəaliyyəti vaxtaşırı olaraq monitorinq ediləcək və müəyyən edilmiş çatışmazlıqlar tövsiyə edilən müddət ərzində aradan qaldırılmasa Federasiya verilmiş lisenziyaların geri çağrılması hüququna malikdir.
Qeyd edək ki, 2023-ci il ərzində bütün klublarının və idman təşkilatlarının lisenziyalaşdırılması hədəflənir.