Azərbaycan şahmatçıları Qazaxıstanın Almatı şəhərində rapid və blits üzrə dünya çempionatında növbəti oyunlarını keçirəcəklər.
Sportarena.az xəbər verir ki, bu gün rapid növündə qaliblərin adı bəlli olacaq.
Kişilərin yarışında 10-cu, 11-ci, 12-ci və 13-cü turun görüşləri, qadınların mübarizəsində 9-cu, 10-cu və 11-ci turun qarşılaşmaları oynanılacaq.
Turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Abdulla Qədimbəyli, Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ləman Hacıyeva təmsil edir.
Məmmədov hazırda 6 xalla 16-cı pillədə qərarlaşıb. Eyni xala malik Məmmədyarov 23-cü, Süleymanlı 5 xalla 63-cü, Əsədli 4,5 xalla 87-ci, Qədimbəyli eyni xalla 100-cü, Durarbəyli 4 xalla 108-ci, Muradlı isə 3,5 xalla 131-ci sıradadır.
Qadınlardan aktivində 5 xal olan Məmmədova 18-ci, Balacayeva 20-ci, Fətəliyeva 4,5 xalla 32-ci, Hacıyeva 4 xalla 45-ci, eyni xala malik Məmmədzadə 47-ci, Beydullayeva 52-ci pillədədir.
Kişilərdə Norveçli Maqnus Karlsen 7,5 xalla liderdir. Qadınlardan çinli Tan Çjunyi, rusiyalı Aleksandra Qoryaçkina və hindistanlı Savitha Şrinin 6,5 xalı var.
Qeyd edək ki, dünya çempionatı dekabrın 30-da başa çatacaq. Mükafat fondu 1 milyon dollar olan mundialda 258 qrossmeyster (155 kişi, 103 qadın) yarışır.