"Qarabağ"ın direktoru Emrah Çelikel komandanın yarımmüdafiəçisi Kadi Borgesin "Krasnodar"a (Rusiya) mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sportarena.az xəbər verir ki, klub rəsmisi Qol.az-a açıqlamasında bildirib ki, Kadini satmaq və ondan pul qazanmaq istəkləri olmayıb:
"Həm biz, həm azarkeşlərimiz Kadini sevir. Qurban Qurbanov ona güvənir. Borges bu gün bizim əsas oyunçularımızdan biridir. Onunla 5 illik yeni müqavilə imzalamışıq. Həmin müqavilənin şərtlərinə əsasən, 5 milyon avro verən klub Kadini ala bilər. Burada "Qarabağ"ın onu satmaq istəməsindən söhbət gedə bilməz. Biz oyunçumuzu satmırıq. Sadəcə "Krasnodar" tərəfdən bizim müqavilədə qeyd etdiyimiz məbləğin ödənilməsinə razılıq var. Bununla bağlı danışıqlar gedir. Daha çox və ya daha az pul istədiyimiz söhbəti yoxdur. Danışıqlar hələ davam edir".