Qazaxıstanın Almatı şəhərində keçirilən şahmat üzrə dünya çempionatında bu gün blits yarışlarına start verilib.
Sportarena.az xəbər verir ki, kişilərin mübarizəsində 12, qadınların duelində 9 tur oynanılıb.
Turnirdə Azərbaycanı kişilərdə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Abdulla Qədimbəyli, qadınlarda isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ləman Hacıyeva təmsil edir.
İlk 12 turdan sonra azərbaycanlı kişi şahmatçılar arasında ən yaxşı nəticə göstərən Şəhriyar Məmmədyarovdur. Qrossmeysterimiz topladığı 8 xalla əlavə əmsallara görə, 16-cı sırada qərarlaşıb.
Hər ikisi 7.5 xal toplamış Rauf Məmmədov və Vüqar Əsədli uyğun olaraq 30 və 31-ci sıradadırlar. Vasif Durarbəyli 7 xalla 44-cü, Aydın Süleymanlı 6.5 xalla 69-cu, Məhəmməd Muradlı 6 xalla 85-ci, Abdulla Qədimbəyli isə 4.5 xalla 148-ci pillədə qərarlaşıb.
Qadınların yarışında isə 9 oyundan sonra 6 xal toplamış iki qrossmeyster – Ülviyyə Fətəliyeva 14, Günay Məmmədzadə isə 15-ci sırada qərarlaşıb. Gövhər Beydullayeva 4.5 xalla 48-ci, Gülnar Məmmədova 4 xalla 67-ci, eyni xala malik Xanım Balacayeva əlavə əmsalları görə 70-ci, 3.5 xallı Ləman Hacıyeva isə 77-cidir.
Qeyd edək ki, mükafat fondu 1 milyon ABŞ dolları olan dünya çempionatı dekabrın 30-da başa çatacaq. Ötən gün rapid növündə qaliblər müəyyənləşib.